Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” keçiriləcək. Layihə Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar reallaşacaq.

Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşması və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Həftədə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birlikləri iştirak edəcək.

“Yaradıcı həftə”də kreativ məhsulların sərgisi, hakatonlar (proqramçıların müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsi), yaradıcı diskussiyalar, müsabiqə, festival, təqdimat və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

***

“Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək.

Forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunacaq.

Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərlərinin və kreativ sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar təşkil ediləcək.

Forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO – 2023) keçiriləcək. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək. “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar keçiriləcək.

***

Dekabrın 2-də həftə çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçiriləcək.

Festival Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın (RF) yumor dünyasının nümayəndələrini bir araya gətirəcək. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək.

Festival qarşılıqlı peşəkar və yaradıcı fəaliyyətin təşviq edilməsinə və bu sahədə birgə yaradıcı layihələrin həyata keçirilməsinə töhfə verəcək. Tədbirdə iştirak etmək üçün iTicket.az saytından bilet əldə edə bilərsiniz.