Milli mətbəximiz Daşkənddə təqdim olunub
Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda 11-ci xeyriyyə festivalı keçirib.
Tədbirdə səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, diasporumuzun üzvləri iştirak ediblər. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də qonaqlar arasında olub. Səfirliklər öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif ediblər.
Azərbaycan səfirliyi üçün ayrılmış guşədə ölkəmizin gerbi, bayrağı asılıb, qədim xalça nümunələri, xalqımızın milli musiqi alətləri və milli məişət əşyaları nümayiş etdirilib. Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və şərbətlərimiz təklif olunub.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb.
Fəxriyyə Abdullayeva