Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

 

1998-ci il 15 iyun

 

Prezident Heydər Əliyev Rusiyanın ORT telekanalının “Tema” proqramının maestro Mstislav Rostropoviç haqqında verilişinin çəkiliş iştirakçıları ilə görüşüb. Tanınmış bakılı, “Tema”nın aparıcısı Yuli Qusmanın rəhbərliyi ilə lentə alınan veriliş üçün Dağüstü parkda Rostropoviçin dirijorluğu ilə simfonik orkestrin çıxışı da lentə alınıb.

“...Bakı özünün digər layiqli keyfiyyətləri ilə yanaşı, sözün ən yüksək anlamında həmişə ən musiqili şəhər olmuşdur. Professional, simfonik musiqi burada həmişə böyük nüfuza malik olmuşdur... Srağagün (13 iyun – red.) Musiqi Akademiyasında olarkən və bir neçə gün ərzində sizinlə (M.Rostropoviçə xitabən –– red.) birlikdə olmuş adamları birlikdə dinləyərkən mən düşünürdüm – bu, necə böyük səadətdir, yeni nəsil yetişir, istedadlar var. Azərbaycan xalqı arxayın ola bilər ki, professional musiqi ənənəsi irəliləyəcək, inkişaf edəcəkdir...”.

 

1998-ci il 16 iyun

 

Respublika Sarayında Mstislav Rostropoviçin konsertində olub.

 

1998-ci il 17 iyun

 

Prezident Sarayında görkəmli musiqiçi Mstislav Rostropoviçi qəbul edib.

“...Böyük təəssüf hissi ilə bildirirəm ki, Bakını tərk edirsiniz. İyunun 7-dən başlayaraq burada gərgin cədvəllə işləmisiniz. Sizin bütün həyatınız gərgin cədvəl üzrə gedir. Mən bunu başa düşürəm... Belə düşünürəm ki, bu günlər öz vətəninizi – Azərbaycanı, Bakını yenidən fəth etdiniz. Sizə bu günlər Azərbaycanın ictimai-siyasi və mədəni həyatına verdiyiniz töhfəyə, Azərbaycanda musiqi sənətinin inkişafına, musiqiçilərin gənc nəslinin taleyinə qayğıkeş münasibətinizə görə təşəkkürümü bildirirəm...

Ermənistan tərəfindən hərbi təcavüzlə əlaqədar xalqımızın düşdüyü vəziyyətə canıyananlıqla yanaşdığınıza görə, bütün çətinliklərə baxmayaraq, başlıca niyyətləri doğma yerlərinə qayıtmaq olan insanların yaşadıqları çadır şəhərciklərinə getdiyinizə görə Sizə ayrıca təşəkkür etmək istəyirəm...”.

 

1998-ci il 18 iyun

 

Rusiyanın məşhur balet ustaları Nadejda Pavlova və Vyaçeslav Qordeyevin iştirakı ilə Respublika Sarayında keçirilən gecədə iştirak etdikdən sonra hər iki sənətkarla görüşüb.

 

1998-ci il 19 iyun

 

Xalq rəssamı Elbəy Rzaquliyevi doğum günü (17 iyun) və yaradıcılığının 50 illiyi münasibətilə təbrik edib.

 

1998-ci il 20 iyun

 

Akademik Milli Dram Teatrında Moskva Akademik Satira Teatrının Qriqori Qorinin “Bəxtli və bəxtsiz” tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə görüşüb.

“...Teatra, konsertə getmək mənim üçün heç də vəzifələrin formal şəkildə yerinə yetirilməsi demək deyildir, bu mənim şəxsi istəyimdir... Ölkəmizdə nə kimi mürəkkəb məsələlər və çətinliklər olduğunu yəqin bilirsiniz. Lakin çox məşğul olsaq da, teatrla görüş, incəsənətlə görüş həmişə bizi sevindirir, böyük ilham verir və işdə kömək edir. Buna görə də mən Azərbaycanda olmuş Slava Rostropoviçin konsertlərinə, bizim Musiqi Akademiyasında onun şagirdlərinin konsertinə getdim, Nadejda Pavlovanın və Vyaçeslav Qordeyevin balet gecəsində oldum. Öz mədəniyyətimizi də unutmuruq. Milli teatrımızın tez-tez qonağı oluram. Teatrsız həyat yoxdur... Azərbaycanda dünya incəsənətinin nümayəndələri ilə görüşmək də ziyalılarımızı çox sevindirir...”.

 

1998-ci il 29 iyun

 

Azərbaycan Rəssamlar İttifaqının qurultayına təbrik müraciəti göndərib.

 

1998-ci il 12 iyul

 

Bibiheybət məscid-ziyarətgah kompleksinin açılış mərasimində nitq söyləyib.

“...Burada, bu müqəddəs yerdə vaxtilə ucaldılmış məscid 60 il bundan öncə vəhşicəsinə dağıdılmışdır. Bizim mənəviyyatımıza, mənəvi dəyərlərimizə böyük zərbə vurulmuşdur. Amma yer bir ziyarətgah kimi öz mənasını heç vaxt itirməmişdir. İnsanlar buraya daim ziyarətə gəlmişlər... Xalqımız bu məscidin bərpa edilməsini daim istəyibdir. Bu gün bizim üçün tarixi hadisədir ki, bu arzumuzu yerinə yetirə bilmişik.

Azərbaycanda böyük və gözəl memarlıq abidələri yaradılmışdır. Bu məscid öz xüsusi mənası və məqsədi ilə bərabər, dəyərli və gözəl memarlıq abidəsidir... Ümid edirəm ki, gələcək nəsillər bizim bu xeyirxah işimizi layiqincə qiymətləndirəcək, bu məscidi, ziyarətgahı yaşadacaq...”.

 

1998-ci il 20-24 iyul

 

Böyük Britaniyaya səfəri çərçivəsində Londonda “Britiş Petroleum” şirkətinin təşkil etdiyi Azərbaycan incəsənət ustalarının konsertinə baxıb (22 iyul).

Londondakı Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamların sərgisi ilə tanış olub (24 iyul).

“...Vətənimizdən çox uzaqlarda xüsusi zövqlü Qərb tamaşaçısını əsasən neft mövzusunda çəkilmiş əsərləri ilə tanış edən Azərbaycan Mədəniyyət Mərkəzi, göründüyü kimi, rəssamlarımızın ən maraqlı əsərlərini cəlb etmişdir. Görkəmli heykəltaraşımız Ömər Eldarov bizi sərgidə nümayiş etdirilən rəssamların işləri və fəaliyyəti ilə tanış etdi... Burada mənə Londonda buraxılan “Kaspian” jurnalının son nömrəsi təqdim edildi. Belə bir jurnalın nəşr olunması çox təqdirəlayiq işdir. Jurnalın naşirlərindən olan Müslüm Eldarov dərc edilmiş materiallar haqqında mənə məlumat verdi. Bir daha sərginin təşkilatçılarına təşəkkürümü bildirir, sizə vətənimiz haqqında həqiqətləri, mədəniyyətimizi dünyaya çıxarmaq işində uğurlar diləyirəm...”.

 

1998-ci il 7 avqust

 

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Rasim Balayevi 50 illiyi münasibətilə təbrik edib.

Hazırladı: V.Orxan

(davamı var)