Şair İsmayıl İmanzadənin kitablarının təqdimatı

 

İsmayıl İmanzadənin imzası ötən əsrin 60-cı illərindən ədəbi ictimaiyyət arasında tanınır. Qələmindən çıxan misralar oxucu ürəyinə yol tapıb. Dünyaya göz açdığı Cəbrayıla qırılmaz tellərlə bağlı olan şairin şeirlərində hər cığırı, hər dolayı ona doğma olan yerlərin mənzərəsi, şəlalənin nəğməsi, çayların şırıltısı, bulaqların zümzüməsi, yarpaqları xəzələ çevrilən meşələrin payız pərişanlığı, torağaylı çöllərin yay duyğuları, gənclik illərinin sevdası ilə yanaşı, yurd sevgisi də öz əksini tapıb.

Doğma torpağın işğalından sonra Mingəçevirə pənah apararaq “arzularından özünə dam tikən” şairin şeirlərinə Vətən müharibəsindəki möhtəşəm Zəfərdən sonra nikbin ruh, doğma yurda qayıtmaq sevinci əlavə olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda İsmayıl İmanzadənin “Ömür muncuq düzümüdür”, uşaqlar üçün yazdığı “Hər çəməndən bir çiçək” və ədəbi yaradıcılığından bəhs edən məqalə və rəylərdən ibarət “Halal insanın söz halallığı” kitablarının təqdimat mərasimində bu barədə danışılıb.

AYB-nin katibi Elçin Hüseynbəyli, filologiya elmləri doktoru Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı, şair Musa Ələkbərli və başqaları İsmayıl İmanzadənin yaradıcılıq məziyyətləri, indiyədək işıq üzü görən 30-dan artıq kitabı barədə bəhs ediblər.

Çıxışlarda onun AYB Mingəçevir bölməsinin sədri kimi fəaliyyəti, quruma cəlb etdiyi istedadlı gənc yazarların əsərlərindən ibarət bir neçə almanax və jurnal nəşr etdirməsi də vurğulanıb.

Sonda çıxış edən şair təşkilatçılara və yaradıcılığına dəyər verənlərə minnətdarlığını bildirib.

Otuz il əvvəl doğma yurddan evinin açarları ilə çıxan və onu əziz xatirə kimi saxlayan İsmayıl İmanzadə indi ata-baba ocağına dönməyə, hər daşını, kol-kosunu yaddaşına həkk etdiyi Mərcanlı kəndində çıraq yandırmağa tələsir. Özünün də dediyi kimi, “ömür muncuq düzümüdür, harada qırıla-qırıla...”.