Türkiyə növbəti dörd il müddətinə UNESCO-nun Dünya İrs Komitəsinə üzv seçilib. Bu barədə qərar UNESCO-nun Dünya Mədəni və Təbii İrs Konvensiyasının iştirakçı dövlətlərinin 22-23 noyabr tarixlərində Parisdə keçirilən 24-cü iclası çərçivəsində baş tutan səsvermə nəticəsində qəbul olunub. Türkiyə 137 səs alaraq 2027-ci ilədək Dünya İrs Komitəsinə üzv seçilib.
“Türkiyə dördillik üzvlük müddətində Dünya İrs Konvensiyasının idarəetmə orqanı olan və ildə bir dəfə toplanan Dünya İrs Komitəsi iclaslarında qəraralma prosesində söz sahibi olacaq”, – deyə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlamasında bildirib. O diqqətə çatdırıb ki, Türkiyə 1983-1989 və 2013-2017-ci illərdə də bu komitədə təmsil olunub.
Türkiyənin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb. Məlumatda diqqətə çatdırılır ki, Dünya İrs Komitəsi tərəfindən tərtib edilən Dünya İrs Siyahısına indiyədək Türkiyədən 21 irs obyekti salınıb. Türkiyə Neolit dövründən bu yana Anadoluda mövcud olan və bütün sivilizasiyaları təmsil edən 21 dünya irsinin idarə edilməsi və qorunması sahəsində əldə etdiyi təcrübə və biliklərini Dünya İrs Komitəsinə üzv olaraq beynəlxalq arenada əks etdirməyi hədəfləyir.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi 21 üzv-ölkədən ibarətdir. İki ildən bir tərkibin bir hissəsi yenilənir. Azərbaycan 2015-2019-cu illərdə komitənin üzvü olub. 2019-cu ildə (30 iyun – 12 iyul) UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçirilib.