Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Niderlandın bu ölkədəki səfiri Xilles Arno Besxoor Pluxla görüşüb.
Görüşdə Niderland Krallığı Nümayəndələr Palatasının Ermənistanın destruktiv mövqeyini dəstəkləyən anti-Azərbaycan qətnamələrinin qəbulu ilə bağlı narahatlığını bildirən Polad Bülbüloğlu qeyd edib ki, bu cür cəhdlər regionumuzda dinc birgəyaşayışın təmin edilməsi üzrə beynəlxalq səylərə kömək etmir və sülh sazişinin imzalanması üzrə danışıqların başa çatmasına mane olur.
Azərbaycan səfiri Niderland diplomatını işğaldan azad olunmuş ərazilərdə vəziyyət, o cümlədən cari il sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumatlandırıb. Xüsusilə vurğulayıb ki, erməni əhalisi regionu könüllü olaraq tərk edib, Azərbaycan tərəfindən onları heç kəs məcbur etməyib.
Görüşdə həmçinin ölkələrimiz arasında bəzi qarşılıqlı fəaliyyət məsələlərinə toxunulub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan səfiri həmkarına Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitab-albomunu hədiyyə edib.