Bakıda Ukraynanın məşhur kurortunun təqdimatı keçirildi
   
   Mayın 15-də «Qafqaz Point» hotelində «Xəzər travel» turizm şirkətinin təşkilatçılığı ilə Ukraynanın məşhur Truskavets kurortunun təqdimatı keçirildi. Tədbirdə Truskavets şəhər meriyasının nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən hotellərin təmsilçiləri, eyni zamanda Azərbaycanın aparıcı turizm şirkətlərinin rəhbərləri iştirak edirdilər.
   
   Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov Truskavets şəhər meriyası ilə imzalanacaq əməkdaşlıq memorandumu barədə məlumat verdi. Bildirdi ki, bu əməkdaşlıq sayəsində kurortda dincələn vətəndaşlarımızın üzləşdiyi problemlərin operativ həlli mümkün olacaq: “Digər tərəfdən, adətən kurortlarda şənbə-bazar günləri müalicə olmur. Azərbaycanlı turistlərin həmin günlərini səmərəli keçirməsinə kömək etmək də bu memoranduma daxildir. Məsələn, tutaq ki, turist istirahət günlərində dincəldiyi kurorta yaxın ölkələri gəzmək istəyir. Biz onlara bu zaman qısamüddətli viza almağa kömək edəcəyik. Yeniliklərin hamısı bu yay mövsümündə tətbiq olunacaq”.
   Truskavets merinin müavini Yuri Mixayloviç Yavorski təmsil etdiyi şəhərdə böyük sanatoriyaların fəaliyyət göstərdiyini bildirdi. Onun sözlərinə görə, dünyanın əksər ölkələrindən Truskavets kurortlarına gələnlər var: “Bizdə mövcud olan «Naftusya» suyu insan orqanizmində əmələ gələn bir çox xəstəlikləri müalicə edir. Bu su vasitəsilə böyrəklərdə daş, duz kristalları, öd və mədə-bağırsaqdakı problemlər aradan qaldırılır. Eyni zamanda sudan mütəmadi olaraq istifadə etdikdə orqanizm şlaklardan təmizlənir. Sanatoriyalarımızda müalicə ilə bərabər müayinə və profilaktika mərhələsi də keçilir. Yüksək standartlara malik hotellərimiz turistlərin xidmətindədir».
   Vitse-mer bildirdi ki, Truskavetsə əsasən Rusiyadan, MDB məkanından, Baltikyanı ölkələrdən, eləcə də Avropadan turistlər gəlir. Həmsöhbətimiz Azərbaycanın bu sırada Rusiyadan sonra ikinci yeri tutduğunu qeyd etdi: «Azərbaycandan il ərzində 9-10 min nəfər insan dincəlmək və müalicə üçün bizim kurortları seçir. Amma bizim fikrimizcə, bu rəqəm azdır. Elə bugünkü təqdimatın məqsədi də daha çox insanı öz kurortlarımıza cəlb etməkdir».
   Təqdimatda qeyd edildi ki, Karpat dağlarının ətəyində yerləşən Truskavets Ukraynanın ekoloji baxımdan ən təmiz şəhərlərindən biridir. Buradan keçən dəmir yolu Truskavetsi Ukraynanın böyük şəhərləri, habelə Rusiya, Baltikyanı respublikalar, Polşa və digər Avropa ölkələri ilə birləşdirir.
   Təqdimat mərasimində Azərbaycan Turizm Assosiasiyası ilə Truskavets şəhər meriyası arasında anlaşma memorandumu və meriyanın nəzdində fəaliyyət göstərən turizm agentliyi ilə «Xəzər travel» turizm şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən, «Xəzər travel» həmin agentliyin Azərbaycandakı rəsmi nümayəndəsi olacaq.
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar