Azərbaycan Turizm Assosiasiyası yay turizm mövsümünün başlanması ilə əlaqədar müxtəlif istiqamətlərdə monitorinqlərə başlayıb. Qurumun idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, həm yerli bazarda, həm də xaricə turist səfərləri ilə bağlı monitorinqlər aparılacaq. Ölkə daxilində bir neçə regionda, o cümlədən Qəbələ, Quba və Qusarda yerləşən hotel və istirahət mərkəzlərində müvafiq monitorinqlər aparılıb. Növbəti monitorinqlər cənub bölgəsini (Lənkəran, Astara və Masallı) əhatə edəcək: “Monitorinqlər zamanı qiymətlərə və xidmətin keyfiyyətinə ciddi nəzarət edilir. Qiymətlərdə demək olar ki, heç bir dəyişiklik yoxdur. Problem xidmətin keyfiyyətindədir. Bu da ildən-ilə tədricən həllini tapır. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası bu istiqamətdə mütəmadi olaraq kurslar təşkil edir. Düzdür, bu kurslara yerli hotellərin rəhbərləri tərəfindən istənilən səviyyədə maraq hiss olunmur. Amma ötən illərlə müqayisədə bu istiqamətdə də müəyyən irəliləyişlər var».
   Xaricə turist səfərləri ilə bağlı monitorinqə gəlincə, Nahid Bağırov bildirdi ki, assosiasiya əməkdaşları bununla bağlı müxtəlif turizm şirkətlərində xidmət, qiymət siyasəti ilə tanış olurlar: “Çünki hazırda ən aktual məsələ bazarda dempinq problemidir. Vətəndaşları bəzi turizm şirkətlərinin fırıldaqlarından qorumaq lazımdır. Fürsətdən istifadə edərək, xarici ölkələrə səfər edən vətəndaşlarımıza diqqətli olmağı, müraciət etdikləri turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya alıb-almadığını yoxlamağı xahiş edirəm. Əks halda, onlar öz istirahətlərini zərbə altında qoymuş olacaqlar».

   Fəxriyyə