Bakının Türkiyə və Şimali Kiprdən musiqiçi qonaqları

 

Tanınmış türkiyəli pianoçu Rüya Taner və saksofon ifaçısı Kürşad Başar noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış etdilər.

“Bir pianoçu, bir yazar” adlı musiqi axşamı Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 və Şimali Kipr Türk Cümhuriyyətinin elan olunmasının 40-cı ildönümünə həsr edilmişdi.

Konsertdən əvvəl Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən söz açdı. Dedi ki, bu il Türkiyə və Azərbaycan üçün əlamətdar ildir. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illiyi, eləcə də Türkiyə Cümhuriyyəti və ŞKTC-nin yaradılmasının yubileyləri silsilə tədbirlərlə qeyd olunur.

ŞKTC-nin Azərbaycandakı nümayəndəsi xanım Ufuk Turqaner qeyd etdi ki, qardaş ölkələrimizin incəsənət ustalarının bir araya gəlməsi mədəni əlaqələrimizin daha da güclənməsinə töhfə verəcək.

Sonra səhnə musiqiçilərin ixtiyarına verildi. İlk olaraq pianoçu Rüya Taner və saksofon ifaçısı Kürşad Başar bütün türk ellərinə ərməğan kimi “Bir başqadır mənim məmləkətim” mahnısını təqdim etdilər. Daha sonra klassik Avropa və türk bəstəkarlarının əsərlərindən ibarət ifalar bir-birini əvəzlədi.

Kürşad Başar Azərbaycanda olmasından məmnunluğunu ifadə etdi və ana babasının azərbaycanlı olduğunu dedi. Bu il 60 illiyini qeyd edən musiqiçi İstanbulda anadan olub. İstanbul Universitetinin Fəlsəfə fakültəsini bitirib və jurnalistika karyerasına “Hürriyet” qəzetində başlayıb, Türkiyənin bir sıra nəşrlərində köşə yazarı, redaktor və menecer kimi fəaliyyət göstərib. O həm də “TRT FM”, “Power FM” və “PowerXL” radio kanallarında proqramçı kimi çalışıb. Eyni zamanda bir neçə serialda rol alıb.

Yazar kimi “Söhbət etdiyimiz qədər uzaqlarda”, “Sən olsaydın, bunu etməzdin”,  “Sevgi tapmaq və qorumaq yolları”, “Vasitəçi həyatlar”, “Çox güldük, ağlamayaq” və digər kitabları maraqla qarşılanıb. O, Türkiyədə ən çox oxunan müəlliflərdən biridir.

***

Konsertdən sonra türkiyəli sənətçilər “Mədəniyyət” qəzeti üçün özəl müsahibə də verdilər.

Öncə Kürşad bəylə həmsöhbət olduq.

 

– Konsert başlayanda ana tərəfdən azərbaycanlı olduğunu dediniz. Bu barədə bir qədər ətraflı məlumat verərdiniz.

– Bəli, anamın atası və babası Azərbaycandan Qars vilayətinə köçüblər. Mən babamı görməmişəm. Amma bu gün məni tanıyan, görən hamı da xatırladır ki, sən Qarsda çox hörmətli və tanınmış məktəb müdiri, deyərdim ki, hətta orada məktəbi quran Rüştü bəyin nəvəsisən. İlk dəfədir ana yurdum Azərbaycana gəlirəm. Çox məmnunam. Anamın səhhəti səfərə çıxmağa imkan vermir. Azərbaycana gedəcəyimi biləndə çox sevindi və salam söyləməyimi istədi. Dedim ana, kimə söyləyim, tanıdığımız, bildiyimiz bir kimsə yoxdur. “Torpağıma, vətənimə söylə” dedi... Hazırda anamdan Azərbaycan dilində bəzi kəlmələrin mənasını öyrənirəm.

 

– Paytaxtımızı necə gördünüz?

– Bakı gecələrinə valeh oldum. Siz küləklər şəhəri deyirsiniz, amma mən dünəndən Bakıya işıqlar şəhəri adını vermişəm.

 

– Yaradıcılığınız çoxşaxəlidir: yazıçı, jurnalist, musiqiçi. Özünüzü hansı sahədə daha rahat hiss edirsiniz?

– Mənim əsas yaradıcılıq fəaliyyətim yazıçılıqdır. Musiqi ilə uzun zaman hobbi kimi məşğul olmuşam. Son 15 ildir peşəkar səviyyədə ifa edirəm. Ədəbi yaradıcılıq zamanı tənha oluram, musiqidə isə tamaşaçılarla.

 

– Bəs saksofon ifaçılığına marağınız necə yarandı?

– Musiqiyə nağara ilə başladım, daha sonra saksofonu sevdim.

 

– Bugünkü konsertin təəssüratları necədir? Başqa ölkələrdə qastrolda olmusunuzmu?

– Çox möhtəşəm qarşılandıq. Sabah daha bir konsertimiz olacaq. Bu günə kimi İngiltərə, İtaliya, Portuqaliya, Fransa və s. ölkələrdə qastrolda olmuşuq.

 

– Musiqinin hansı janrı sizə daha yaxındır?

– Caz musiqisini çox sevirəm. Uşaqlığımdan caz dinləyirəm. Amma hazırda orkestrlərlə çalışdığım üçün deyərdim ki, bütün janrları sevirəm. Xalq musiqisini, xüsusilə də Azərbaycan musiqilərini.

 

– Azərbaycandan hansı bəstəkarların əsərlərini, hansı ifaçıları dinləyirsiniz?

– Bəstəkarlardan daha çox Qara Qarayevi, Fikrət Əmirovu. İfaçılardan Rəşid Behbudovu, Polad Bülbüloğlunu dinləyirəm. Xalq mahnılarınız kimi bəstəkarlarınızın əsərləri də möhtəşəmdir.

 

“Azərbaycan bəstəkarlarının klassik əsərlərini çox sevirəm”

 

Şimali Kiprdən gələn pianoçu Rüya Taner Almaniyada anadan olub və 1980-ci illərin əvvəllərində Ankara şəhərində məskunlaşıb və Ankara  Dövlət Konservatoriyasında təhsil alıb. O, müasir nəslin aparıcı türk pianoçularından biri kimi tanınır. Bir sıra beynəlxalq müsabiqələrin qalibidir, dünyanın bir çox şəhərlərində konsert proqramları ilə çıxış edib.

 

– Bildiyim qədər, bu, Bakıda ilk çıxışınız deyil...

– Bir neçə dəfə Bakıda olsam da, bu dəfə uzun bir ara oldu. Çox böyük həyəcanla, həsrətlə yenidən buradayam. Hər dəfə də fərqli layihə ilə gəlirik. Bu dəfə də “Bir pianoçu, bir yazar” layihəsi ilə qastrol səfərindəyik. Konsert proqramında türkülərimizdən də improvizələr var. Eyni zamanda ötən il buraxılan albomumdan şəxsi aranjiman və kompozisiyalar da təqdim etdik.

 

– Azərbaycan musiqisi ilə tanışlığınız varmı?

– Əlbəttə. Qara Qarayevin prelüdlərini bir sıra konsertlərimin proqramına daxil etmişəm. Bakı konsertimdə də səsləndirmişəm. Vasif Adıgözəlovun da əsərlərinə müraciət edirəm. Azərbaycan bəstəkarlarının klassik əsərlərini çox sevirəm. İnanıram ki, bu mədəni mübadiləmiz davamlı olacaq. Onu da deyim ki, mərhum bəstəkar Musa Mirzəyevlə tanışlığımız olub. Tofiq Bakıxanovla əlaqələrimiz var.

 

– “Bir pianoçu, bir yazar” layihəsi necə yarandı?

– Kürşad bəylə 30 il öncə tanış olduq. O, Türkiyədə musiqi yaradıcılığımı ilk dəfə işıqlandırmışdı. Şimali Kiprdə yaşadıqları dövrdə atalarımız dost idilər. Bir neçə il öncə Kürşad bəyin konsertinə getdim. Gələcək planları nəzərdən keçirdik və “Bir pianoçu, bir yazar” layihəsi meydana çıxdı. Bu layihə ilə 12 ölkədə çıxış etmişik və böyük maraqla qarşılanıb. Həm musiqimizi, həm də ədəbiyyatımızı tanıdırıq. Yəni ifalar arası Kürşad Başar qısa hekayə, yaxud Türk dünyasının tanınmış yazarlarından da aforizmlər söyləyir...

 

– Gələcəkdə Azərbaycan xalq musiqilərindən konsert proqramlarınıza daxil etmək fikriniz varmı?

– Növbəti konsertdə mütləq.

 

– Uğur olsun.

Lalə Azəri