Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində noyabrın 24-25-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk dünyası memarlarının simpoziumu keçirilib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan 60-a yaxın memar iştirak edib. Simpoziumun təşkilində əsas məqsəd Şuşada aparılan və aparılması nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası və konservasiyasında, tarixi mühitin abadlaşdırılmasında Türk dünyası memarlarının təcrübəsinin öyrənilməsidir.
Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Şahin Seyidzadə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, digər rəsmilər iştirak ediblər.
Simpoziumun ilk günü iştirakçı ölkələrdən memarlar Şuşada bərpası və konservasiyası aparılan və aparılması nəzərdə tutulan tarixi memarlıq abidələri ilə bağlı təqdimatlarla çıxış ediblər.
Sonra simpozium iştirakçıları şəhərdə bərpa olunan tarixi tikililərə baş çəkiblər. Onlara abidələrin bərpası ilə bağlı ətraflı məlumat verilib.
Daha sonra “Turistlərin və sakinlərin abidələrə təsiri və bu proseslərin tənzimlənməsi” mövzusunda müzakirələr aparılıb.
Simpozium ikinci gün işinə “Tarixi şəhər landşaftının qorunması və regenerasiya siyasətləri” mövzusunda panel müzakirələrlə başlayıb. Şuşa Dövlət Qoruğu İdarəsinin əməkdaşı Müslüm İmranlının moderatorluğu ilə keçirilən panel müzakirələrdə Mustafa Yigit (Türkiyə), Aydar Yerassyl (Qazaxıstan), Aytən Abdullayeva (Azərbaycan), Zulduz Talantbekova (Qırğızıstan) və digərləri ölkələrində bələdiyyələrin mədəni irsin qorunmasında rolu, tarixi ərazilərin tədqiqi, mühafizə qanunvericiliyinin tarixi prosesi ilə bağlı çıxış edərək fikirlərini bildirib, təcrübələrini bölüşüblər.
Sonra “Abidələrin mühafizəsi, bərpası və konservasiyası” mövzusunda müzakirələr olub. Pərviz Poluxzadənin moderatorluq etdiyi müzakirələrdə Elçin Əliyev, Günay Ağayeva (hər ikisi Azərbaycan), Rumeysa Ragsana Hasanzadə, Mavlyuda Yusupova (hər ikisi Özbəkistan), Rahime Busra Uras (Türkiyə) və Saduakas Agitayev (Qazaxıstan) memarlıq abidələrinin bərpası, sənədləşdirilməsi, bərpa məktəblərinin işi ilə bağlı təqdimatlarla çıxış ediblər. Çıxışlarda memarlıq incilərinin qorunub saxlanılması istiqamətində təkliflər də səsləndirilib.
Özbəkistan memarları Baxtiyar Babamuradov və Şahboz Mustafoev Orta əsr memarlıq abidələrinin bərpa nümunələri haqqında danışıb, bu istiqamətdə perspektivləri diqqətə çatdırıblar. Azərbaycan təmsilçisi İlham Şıxsəyidov “Şuşa qalasının bərpası” mövzusunda çıxış edərək maraqlı məqamları vurğulayıblar. Macarıstandan gələn memar “Osmanlı Türk imperiyasının ən şimalda duran tikili” mövzusunda çıxış edib.
Daha sonra tarixi abidələrin müasir konservasiyası ilə bağlı çıxışlar olub. Nigar Ramazanova (Azərbaycan) “Qarabağ memarlığının təkamülü), Şuşa şəhərinin bərpasında iştirak edən tanınmış memar Pietro Laureano (İtaliya) “Beynəlxalq təcrübəyə münasibətdə bərpa seçimləri: rekonstruksiya, ənənəvi üsullar, innovativ həllər”, Unal Mehmet, Ceylan Oğuz və Mehmet Emin Yılmaz (hər üçü Türkiyə) tarixi abidələrdə konservasiya ilə bağlı Türkiyə təcrübəsi barədə danışıb, təcrübələrini bölüşüblər.
Sonda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov simpoziumda iştirak edən türkdilli ölkələrin memarlarına təşəkkürünü bildirib, tədbirin tarixi abidələrin bərpası və konservasiyası işinə töhfə verəcəyinə əminliyini ifadə edib.