Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Çoban” pyesinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Noyabrın 26-da nümayiş olunan tamaşa Qardabanidə fəaliyyət göstərən “BEEZ” uşaq teatrının kollektivi tərəfindən səhnələşdirilib.
Premyeranı Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları da izləyiblər.
“BEEZ” uşaq teatrının bədii rəhbəri Binəli İslamoğlu bildirib ki, indiyədək Azərbaycan və gürcü yazıçılarının əsərləri əsasında bir neçə səhnəcik hazırlayaraq tamaşaçılar qarşısına çıxıblar. Məqsəd günümüzün reallığı olan bəzi hadisələri orijinallığı ilə diqqətə çatdırmaqdır.
Teatrın balaca aktyorları Nuri Qurbanov, Zəhra Akif, Seymur Muradov, Əzəm Əfəndiyeva və Məryəm Əliyeva rolları məharətlə ifa ediblər.
Tamaşa zamanı Üzeyir Hacibəylinin “Arşın mal alan” musiqili komediyasından hissələr də ifa edilib.