29 noyabr təsviri sənətimizin dünyaca məşhur nümayəndəsi, Azərbaycanın, keçmiş SSRİ-nin və Rusiyanın Xalq rəssamı Tahir Salahovun (1928-2021) anadan olmasının 95-ci ildönümüdür.
Tahir Salahov sənət təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda alıb. 1963–1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərib, 1984–1992-ci illərdə həmin institutda kafedra müdiri olub.
Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri var. “Sərt üslub” adlandırılan istiqamətin liderlərindən biri olan sənətkarın əsərlərində yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapıb. Rəssam tariximizin və mədəniyyətimizin unudulmaz şəxsiyyətlərinin portretlərinin geniş qalereyasını yaradıb. Eyni zamanda teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərib. Onun dünya muzeylərini, məşhur qalereyaları bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin təbliğində xüsusi əhəmiyyəti olub.
Tahir Salahov SSRİ Dövlət mükafatına, Azərbaycanın və Rusiyanın Dövlət mükafatlarına, Sosialist Əməyi Qəhrəmanı adına, çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeni, eləcə də “İstiqlal” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilməsi doğma Vətənində onun sənətinə və şəxsiyyətinə dərin ehtiramın təzahürüdür.
Rəssam 2021-ci il mayın 21-də, ömrünün 93-cü ilində vəfat edib.