Mədəniyyət və Yaradıcı Sənayelər Forumu noyabrın 28-də açılış mərasimindən sonra işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşən paneldə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti Aktotu Raimkulova quruma rəhbər təyin edilməsini fəaliyyətinə göstərilən yüksək diqqət kimi dəyərləndirdi və Azərbaycan dövlətinə minnətdarlığını bildirdi. Fondun fəaliyyəti barədə danışan A.Raimkulova Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirdi.
Fondun prezidenti müvafiq sahədə fikir və ideya mübadiləsi aparılmasında, həmçinin gənc istedadların üzə çıxarılması baxımından forumu yüksək qiymətləndirdi.
“British Council” təşkilatının yerli ofisinin direktoru Nərgiz Hacıyeva qurumun “Creative Spark: ali təhsil müəssisəsi proqramı” adlı layihəsinin uğurla həyata keçirildiyini vurğuladı. Bildirdi ki, “Creative Spark” Birləşmiş Krallığın dəstəyi ilə ümumilikdə yeddi ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.
Art market üzrə litvalı mütəxəssis, “artXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaite yaradıcı və mədəni sənayenin yalnız gözəllik deyil, həmçinin iqtisadiyyat olduğunu dedi. O, Azərbaycanı Qafqazın mədəniyyət paytaxtı kimi təqdim etmənin yolları, cəmiyyətin kreativ sənayeyə baxışını dəyişmək və investisiya cəlb etməklə bağlı düşüncələrini bölüşdü. Dedi ki, Azərbaycanda yaradıcı sənayenin çoxsahəli fəaliyyət istiqamətləri var və bu sahənin inkişafı üçün ilk növbədə prioritetlər müəyyənləşdirilməlidir: mədəniyyət sahəsinin idarə edilməsi, mədəni marketinq təhsili, maarifləndirmə işinin gücləndirilməsi, eləcə də bu sahədə təhsilə dövlət dəstəyi.
Qırğızıstan Yaradıcı Sənayelər Assosiasiyasının sədri Daniar Amanaliyev ölkəsində fəaliyyət göstərən Yaradıcı sənaye parkı haqqında məlumat verdi. Bildirdi ki, kreativ iqtisadiyyat son illərdə dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından biridir. D.Amanaliyev dedi ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın yaradıcı sənaye üzrə şəbəkəsi yaradılıb. Artıq şəbəkəyə üç mindən çox şirkət qoşulub. Qarşılıqlı təcrübə mübadiləsi öz müsbət nəticəsini verib, bu sahədə müvafiq yol xəritəsi də hazırlanıb. Qırğızıstanda ən sürətli klasterin İT sektoru olduğunu bildirən mütəxəssis bu sahədə gəlirlərin hər il təxminən iki dəfə artdığını diqqətə çatdırdı.
Beynəlxalq biznes və texnologiyalar üzrə israilli ekspert Tal Catran yaradıcı sənayenin inkişafı üçün maliyyə və bu sahədə bacarıqlı mütəxəssislərin vacib amil olduğunu dedi.
Panelin sonunda yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması barədə fikir mübadiləsi aparıldı.
Lalə Azəri