Noyabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Sonra iştirakçılar Mərkəzi Elmi Kitabxananın foyesində Ümummilli Lider Heydər Əliyevin həyatına və dövlətçilik fəaliyyətinə həsr edilmiş sərgi ilə tanış olublar.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MEK-in baş direktoru professor Məmməd Əliyev dahi lider Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafına diqqət və qayğısından bəhs edib. O, bugünkü konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya və Moldovadan nümayəndələrin iştirak etdiyini, tədbirə ümumilikdə 122 elmi məqalənin daxil olduğunu bildirib. M. Əliyev MEK tərəfindən “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb. Bildirib ki, kitabxana tərəfindən müxtəlif qurumlarda “Heydər Əliyev İli” çərçivəsində nəşr olunmuş kitabların sərgisi təşkil olunub. Bir sıra məktəblərdə Ulu Öndərin yaradıcılığına həsr edilmiş görüşlər keçirilib, məktəblərə dahi liderin həyat və fəaliyyətinə dair kitablar hədiyyə edilib.
MEK-də Ulu Öndərin 100 illiyi çərçivəsində respublika səviyyəli konfransın keçirildiyini də xatırladan professor Məmməd Əliyev kitabxana tərəfindən, həmçinin Türkiyənin paytaxtı Ankara şəhərində “Heydər Əliyev – 100” adlı kitab sərgisinin baş tutduğunu vurğulayıb.
Direktor qeyd edib ki, MEK 2023-cü ildə Türk Dünyası Kitabxanaçıları Vəqfinə üzv seçilərək Azərbaycandan bu quruma üzv olan ilk kitabxana olub.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Azərbaycanda tarixən kitaba böyük maraq olduğunu və kitabın həmişə bilik mənbəyi hesab edildiyini söyləyib. Akademik vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev kitaba və kitabxana işinin inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi lider gəncləri və ətrafındakı insanları daim mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib. Görkəmli dövlət xadimi təkcə bədii əsərlərə deyil, bütün sahələrdə olan kitablara böyük dəyər verib.
Konfransda Türk Dünyası Kitabxanalar Vəqfinin sədri Ali Odabaş, akademik Vaqif Abbasov, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Mustafa Lətif Əmək, professor Habil Qurbanov və digərləri çıxış edərək Azərbaycanda kitabxana işinin inkişafı, bu sahədə Heydər Əliyevin xidmətlərinin tədqiqi baxımından tədbirin önəmini qeyd ediblər.
Beynəlxalq konfrans işini plenar iclaslarla davam etdirib.
“Multikulturalizmin inkişafında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda kitabxanaşünaslıq elmi”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Multikultural cəmiyyətdə kitab mədəniyyəti və kitab nəşri”, “Multikultural cəmiyyətdə müasir tələblər və çağırışlar”, “Multikulturalizmin Azərbaycan modeli: tarixi ənənələr və perspektivlər”, “Türk xalqlarının multikultural dəyərləri”, “Postsovet ölkələrində multikultural ənənələr”, “Kitabxanalar milli dəyərlərin və tarixi irsin qorunması bazası kimi” adlı panel iclaslarda müxtəlif mövzularda məruzələrin dinlənilməsi nəzərdə tutulub.
Konfransa noyabrın 29-da yekun vurulacaq.