Lətifə Mövsümova: “Üçüncü ildir təşkil olunan bu tədbirlə turizm mövsümünə start verilir”
Mayın 20-də Masallı Rayon İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Masallı şəhərində turizm sərgisi təşkil olunub. «Nağıl dünyası» istirahət mərkəzində baş tutan sərginin təşkili ilə bölgədə yay turizm mövsümünə start verilib.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova qəzetimizə açıqlamasında bildirib ki, rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə qonaqlar milli mətbəxin ləziz təamlarından dadmaqla bərabər, istirahət mərkəzlərinin təklif etdiyi xidmətlərlə, xalq tətbiqi sənəti nümunələri ilə tanış olublar.
Sərgidə el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar maraqla qarşılanıb. İcra Hakimiyyətinin başçısı R.Hüseynov açılış mərasimində çıxış edərək, dövlət tərəfindən turizmin inkişafına, bu sahədə çalışan sahibkarların fəaliyyətinə dəstək verildiyini vurğulayıb. O, həmçinin yerlərdəki bir sıra turizm obyektlərində müəyyən çatışmazlıqların mövcud olduğunu, onların aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
Lətifə Mövsümovanın sözlərinə görə, sərgidə Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 25-i öz məhsulunu nümayiş etdirib: «Sərgiyə maraq böyük idi. Bu tədbir artıq ənənə halını alıb. Üçüncü ildir ki, rayonda turizm sərgisini keçirməklə bir növ yay turizm mövsümünə start veririk. Əlverişli təbii şəraitə malik Masallı rayonu beynəlxalq standartlara cavab verən turist xidməti göstəricilərinə, yerli və xarici qonaqları qəbul etmək imkanlarına malikdir. Rayonumuzda mövcud olan 31 turist obyektində 1000-dən çox yerləşdirmə yeri var. Bu obyektlərin 26-sı Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir. Ötən il Masallıya 17 mindən çox turist gəlib ki, onların da təxminən 700-ü xarici ölkə vətəndaşları olub”. Şöbə müdiri bildirdi ki, Masallıdakı istirahət mərkəzlərinə ölkəmizdə fəaliyyət göstərən səfirliklərin əməkdaşları, İrandan, Türkiyədən qonaqlar gəlirlər.
Fəxriyyə