Azərbaycan

 

2 dekabr 1929 – Şair, ədəbiyyatşünas, pedaqoq Həsənəli xan Qaradaği (1848-1929) vəfat edib. Şuşada doğulub. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.

2 dekabr 1966 – Əməkdar artist Atamoğlan Balababa oğlu Rzayev (1912–1966) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə (“Kəndlilər”, “Koroğlu”) çəkilib.

2 dekabr 2002 – Əməkdar artist, vokalçı Rəhilə Muxtar qızı Cabbarova (24.11.1922 – 2002) vəfat edib. Opera və Balet Teatrının solisti olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

 

3 dekabr 1918 – Aktyor, rejissor, teatr təşkilatçısı Əbülfət Məmmədhəsən oğlu Vəli (1867-1918) vəfat edib.

3 dekabr 1920 – Şair, qəzəlxan Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 – 12.12.1999) anadan olub.

3 dekabr 1937 – Əməkdar mədəniyyət işçisi, kinoşünas Natalya Borisovna Şneyer (1937–2019) anadan olub.

3 dekabr 1992 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Yuğ” teatr-studiyasına dövlət statusu (1 yanvar 1993-cü ildən) verilib. Teatrın yaradıcısı tanınmış aktyor, rejissor Vaqif İbrahimoğlu idi.

3 dekabr 1996 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşov (7.6.1924 – 1996) vəfat edib. Akademik Dram Teatrında çalışıb. Rus Dram Teatrının direktoru (1989-1991) olub. Filmlərdə (“Dəli Kür”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s.) yaddaqalan rollar oynayıb.

3 dekabr 1997 – Respublika Sarayında Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.

3 dekabr 2009 – Prezident İlham Əliyev Bakı şəhərində xalq qəhrəmanı Koroğluya abidə ucaldılması ilə bağlı sərəncam imzalayıb. Abidənin (müəllif – Tokay Məmmədov) açılışı 2012-ci il fevralın 21-də keçirilib.

3 dekabr 2013 – UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya – “Çövkən, Qarabağın ənənəvi atüstü oyunu” təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınıb.

3 dekabr 2020 – Əməkdar rəssam Rafael Abbas oğlu Abbasov (28.11.1943 – 2020) vəfat edib. Portretlər, süjetli tablolar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.

 

4 dekabr 1979 – Xalq artisti Sona Salman qızı Hacıyeva (25.6.1907 – 1979) vəfat edib. Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib.

 

5 dekabr 1906 – Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 – 7.3.1963) Naxçıvan MR Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dram Teatrında çalışıb, filmlərdə (“Səhər”, “Kölgələr sürünür”) çəkilib.

5 dekabr 1912 – Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 – 2.1.1986) Təbrizdə anadan olub. Əsərləri: “Səttarrxan fədailəri Təbrizdə”, “Sərkərdə Babəkin portreti”, “Nəsiminin portreti”, “M.Ə.Sabirin portreti” və s. Teatr tamaşalarına bədii tərtibat verib.

5 dekabr 1921 – Tanınmış aktyor, Xalq artisti Həsənağa Dərya oğlu Salayev (1921 – 2.10.1981) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

5 dekabr 1924 – Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Şamil Fərəməz oğlu Mahmudbəyov (1924 – 20.5.1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.

5 dekabr 1924 – Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (1924 – 3.4. 2008) Bakıda anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb, filmlərdə çəkilib.

5 dekabr 1925 – Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 – 26.7.2008) Laçın rayonunda doğulub. “Sevimli naxışlar”, “Çəltikbecərənlər”, “Dağlarda bahar” və s. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.

5 dekabr 1927 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (1927 – 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində doğulub. “Azərbaycanfilm”in direktoru olub. “Həyatın özü”, “İlk məhəbbət” romanları, “Gülüstanda qətl” pyesi və s. əsərlərin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

5 dekabr 1934 – Əməkdar artist, tanınmış pianoçu Rafiq Teyyub oğlu Quliyev (1934 – 19.8.2007) Bakıda doğulub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub. 

5 dekabr 1941 – Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 – 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub, İrkutsk vilayətində dünyasını dəyişib.

5 dekabr 1947 – Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 – 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb, televiziya tamaşalarında çəkilib.

5 dekabr 2012 – UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 7-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Tar alətinin hazırlanması və tar ifaçılıq sənəti” nominasiyası “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.

 

Dünya

 

2 dekabr 1888 – Türk yazıçısı, şair Namiq Kamal (21.12.1840 – 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah” və s.

2 dekabr 1891 – Alman boyakarı və qrafiki Otto Diks (1891–1969) anadan olub.

2 dekabr 1923 – Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas – Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.

 

3 dekabr 1927 – Amerika estrada müğənnisi və aktyor Endi Vilyams (Andy Williams – Howard Andrew Williams; 1927–2012) anadan olub.

3 dekabr 1930 – Fransız kinorejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard; 1930 – 13.9.2022) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın banilərindən biridir. Filmləri: “Kiçik əsgər”, “Motsart – həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.

 

4 dekabr 1875 – Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke; 1875–1926) anadan olub.

4 dekabr 1896 – Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896–1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.

4 dekabr 1922 – Fransız aktyoru Jerar Filipp (Gerard Philipe; 1922–1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Təhlükəli əlaqələr” və s.

 

5 dekabr 1791 – Dünyaşöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 – 1791) vəfat edib.

5 dekabr 1901 – Amerikalı multiplikasiya rəssamı, rejissor, prodüser Uolt Disney (Walter Elias “Walt” Disney; 1901–1966) anadan olub. Cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.

Hazırladı: V.Orxan