Moskvada muğam konserti

 

Dekabrın 18-də Moskvadakı “Zaryadye” konsert zalında “Cənnətdən Şərqə” adlı muğam konserti keçiriləcək. Artıq 3-cü dəfə reallaşacaq layihənin müəllifi pianoçu və musiqişünas Riad Məmmədovdur.

Riad Məmmədov Rusiya tamaşaçılarına muğamı caz və müasir musiqi ilə birləşdirən proqram təqdim edəcək. Konsertdə onunla birlikdə Azərbaycanın Xalq artisti Teyyub Aslanov (xanəndə, dəf), Əməkdar artistlər Əliağa Sədiyev (tar), Kamran Kərimov (nağara) və rusiyalı musiqiçi Sergey Korçagin (kontrabas) çıxış edəcəklər.

Qeyd edək ki, Riad Məmmədov “Zaryadye” konsert zalında “Cənnətdən Şərqə” layihəsini ilk dəfə 2021-ci ilin sentyabrında təqdim edib. Onun yaradıcılıq fəaliyyətində müxtəlif janrlar və musiqi istiqamətləri birləşir. Tamaşaçılar pianoçunu solo konsertlərdən və dirijor Teodor Kurentzisin “musicAeternа” orkestri ilə birgə layihələrindən, eləcə də klassik, caz və müəllif repertuarı olan albomlardan tanıyır.