“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi may ayından ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün qədim Ağsu şəhər yerində yaradılmış arxeoloji turizm kompleksinə mədəni irs turu layihəsinə başlayıb.
   
   Tur çərçivəsində səfirlik nümayəndələri Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə yanaşı, Qobustanda “Diri Baba” türbəsi və Şamaxıda tarix-diyarşünaslıq muzeyinə baş çəkmək, Azərbaycan etnoqrafiyasının zənginlik meyarlarından olan mətbəximizlə tanış olmaq imkanı əldə edirlər. Belə tədbirlər mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, xalqların bir-birinin tarixi, mədəniyyəti və incəsənəti ilə tanış olması baxımından mühüm əhəmiyyət daşıyır.
   İlk mədəni irs turunda Özbəkistanın ölkəmizdəki səfiri Şirzod Fayziyev, Tacikistan səfiri Zohir Saidov, səfirlik nümayəndələri və ailə üzvləri iştirak edib. Səfər zamanı Azərbaycanın tarixi, Şirvan bölgəsinin qədim abidələri, turizm imkanları diplomatların diqqətinə çatdırılıb.
   Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Ağsu seyrəngahında səfirlərlə görüşərək, onlara son zamanlar rayonda görülən abadlıq və quruculuq işləri haqqında məlumat veriblər. Daha sonra qonaqlar “Az-Granata” meyvə şirəsi zavodunda istehsal prosesi və məhsullarla tanış olublar.

Fəxriyyə