Noyabrın 30-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib.
Ombudsman bu gün dünya ictimaiyyətinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qaldığını qeyd edib, Azərbaycanın bu ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu, Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı kəskin nifrət zəminində etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçirdiyini bildirib.
Müvəkkil bildirib ki, otuz ilə yaxın işğal altında qalmış ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar, şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılması, ərazilərimizin minalarla çirkləndirilməsi ölkəmizə qarşı həyata keçirilmiş bu siyasəti bir daha sübut edir. Həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilmədiyi vurğulanıb.
Konfransda BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış ediblər.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün videomüraciəti dinlənilib.
“Azərbaycanda insan hüquqlarının müdafiəsi: nailiyyətlər və problemlər” və “İnsan hüquqları, vətəndaş cəmiyyəti institutlarının rolunun təşviqində alətlərin və metodologiyaların genişləndirilməsi” mövzularında panel müzakirələri təşkil olunub.