Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun “Türk dilinə xidmət” mükafatına layiq görülüb.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, mükafat Ankara şəhərində “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə Türk Dil Qurumu və “Türk dilinə xidmət” mükafatı” adlı beynəlxalq toplantının açılış mərasimində təqdim edilib.
Tədbirdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Dərya Örs, Türk Dil Qurumu rəhbəri professor Osman Mert çıxış edərək Türk Dil Qurumunun 92 illik fəaliyyəti və xidmətlərindən bəhs edib, ilk dəfə olaraq bu il “Türk dilinə xidmət” mükafatının türkologiya sahəsində mühüm xidmətləri olan görkəmli alimlərlə yanaşı, Türk dünyasında əhəmiyyətli və önəmli yeri ilə fərqlənən dövlət təşkilatlarına və elmi qurumlara da veriləcəyini diqqətə çatdırıblar.
Sonra “Türk dilinə xidmət” mükafatının təqdimetmə mərasimi keçirilib. Qeyd edək ki, Türk dünyasından dövlət qurumu kimi Türkiyə Müdafiə Sənayesi Nazirliyi, elmi təşkilat kimi Azərbaycan Milli Elmlər Akademiyası bu mükafata layiq görülüblər.
Mükafatı Azərbaycan Milli Elmlər Akademiyasına Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı təqdim edib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə və Azərbaycanda qeyd edilən “Heydər Əliyev İli”ndə akademiyanın “Türk dilinə xidmət” mükafatı ilə təltif olunmasının əhəmiyyətindən danışıb.
Mükafatın təqdim edilməsi münasibətilə tədbirdə AMEA-ya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Türkiyənin görkəmli elm xadimləri - professor Yavuz Akpınar, professor Saim Sakıoğlu, professor Nail Tana və Qazaxıstandan Beynəlxalq Türkoloji Mərkəzin rəhbəri professor Erden Kajıbekə də “Türk dilinə xidmət” mükafatı təqdim olunub.
Tədbirdə professor Həmzə Zülfüqarın “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə Türk Dil Qurumu” mövzusunda elmi məruzəsi dinlənilib.
Qeyd edək ki, “Türk dilinə xidmət” AMEA-nın müstəqillik illərində təltif olunduğu ilk beynəlxalq mükafatdır.