Xalq rəssamı Fərhad Xəlilovun sərgisi

 

Noyabrın 30-da YARAT Müasir İncəsənət Məkanı XX - XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisini təqdim edib.

Sərgidə rəssamın son illərdə yaratdığı rəngkarlıq tabloları, həmçinin bu günə qədər nümayiş olunmayan qrafika əsərləri yer alıb.

YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Fərəh Ələkbərli diqqətə çatdırıb ki, sərginin adından da göründüyü kimi, burada müəllifin daha çox abstrakt mövzulu əsərləri nümayiş olunur.

Ötən əsrin 60-70-ci illərində ümumittifaq sərgilərində fərqli dəst-xətti ilə fərqlənən Fərhad Xəlilovun həqiqi “sənət məktəbi” o dövrdəki Moskvanın qeyri-rəsmi bədii həyatı olub. O, İlya Kabakov, Oleq Tselkov, Yuri Kuper, Yevgeni Çubarov kimi rəssamların mühitində yetişib, püxtələşib və yüksək bədii dəyərlər aləminə bələd olaraq, milli ənənələrə bağlı rəssam kimi formalaşıb. Moskva Ali Bədii-Sənaye Məktəbində təhsilini bitirəndən sonra Azərbaycana dönən rəssamın sənətdə əsas həmfikirləri Cavad Mircavadov, Əşrəf Murad və Sənan Qurbanov olub.

“Yerlə göy arasında” adlı sərgidə rəssamın uzunillik yaradıcılığına istiqamətlənən və poetik mövzulardan ilham alan əsərləri nümayiş olunur. Ətrafı hiss etdiyi kimi kətanda təsvir edən rəssamın əsərlərində təbiətin müxtəlif halları ifadə olunub. Məhz bu halların açıqlanması sərginin qayəsini təşkil edir. “Yerlə göy arasında” rəssamın ilham aldığı ünsürlərə bağlılığıdır.

Tədbirdə Fərhad Xəlilov haqqında qısametrajlı sənədli film də nümayiş olunub. Gənc rejissor Türkan Hüseynin çəkdiyi filmdə rəssam ömür yolu, həyata, sənətə baxışı barədə danışır, Abşeron mühitindən, sevgisindən, gənclik dostları və sənətdə həmfikirləri haqqında söhbət açır.

Sərginin təşkilatçılarına və tədbirə qatılanlara minnətdarlığını bildirən rəssam öz sənət dünyasından və ekspozisiyada yer alan əsərlərdən danışıb.

Fərhad Xəlilovun XX - XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində sərgisi gələn il fevralın 17-dək davam edəcək.