AZƏRTAC-ın Fransanın dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında bildirilib.

Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.

Vurğulanıb ki, bu, Fransa tərəfindən müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.

***

Azərbaycan Mətbuat Şurası da AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb.

“Fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin oraya ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı – Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və prinsiplərə, qətiyyən, məhəl qoymur”, – deyə bəyanatda bildirilir.

Diqqətə çatdırılır ki, Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mübarizəsini işıqlandırmaq üçün oraya səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirmək istəyirdi. Azərbaycan Mətbuat Şurası hesab edir ki, ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini düşündürməlidir. Nəzərə alaq ki, bu xoşagəlməz olay – jurnalistin fəaliyyətinin zorakı üsullarla məhdudlaşdırılması nəinki Yeni Kaledoniyadakı, ümumən digər fransız müstəmləkələrindəki, habelə Fransanın özündəki nümayiş və mitinqləri işıqlandıran xarici media təmsilçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdırmaqdadır.