İyunun 7-də Azərbaycan Turizm İnstitutunda Avropa İttifaqının Tempus proqramına uyğun «Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması» layihəsi çərçivəsində dəyirmi masa keçirildi.
   
   Tədbirdə Bakı Turizm İnformasiya Mərkəzi, «Millenium Tourism &Congress», «Bakı Tur», «Regea Travel» şirkətlərinin, «Sheraton Airport», «Fairmont Baku», «JW Marriott Absheron», «Ambassador» hotellərinin nümayəndələrinin çıxış və təklifləri maraqla qarşılandı. Mütəxəssislər turizm və hotelçilik ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi proqramının təkmilləşdirilməsinə dair təkliflərlə çıxış etdilər. Təcrübə dövrünün müddəti, iş saatı, tərəflərin məsuliyyəti və s. məsələlər müzakirə olundu.
   ATİ ilə uzun müddətdir ki, əməkdaşlıq etdiklərini deyən «Millennium Tourism & Congress» şirkətinin direktoru Ruslan Quliyev tələbələrin peşə təcrübəsi ilə bağlı fikirlərini bölüşdü. Onun sözlərinə görə, yaxşı turizm mütəxəssisi olmaq üçün tələbələr təcrübə zamanı təklif olunan hər bir işə məsuliyyətlə yanaşmalı, onun incəliklərini öyrənməlidirlər.
   Sektor mütəxəssisləri təcrübə yeri seçərkən xarici dil bilməyin yetərli olmadığını, eyni zamanda minimum peşə vərdişinin əhəmiyyətini də nəzərə çatdırdılar.
   «Sheraton Airport Baku» hotelinin insan resursları üzrə müdiri Sevinc Ağayeva təcrübə dövründən əvvəl tələbələrə peşə davranışları fənninin keçirilməsinin əhəniyyətini bildirdi. Hotelin digər nümayəndəsi, təlim koordinatoru Talıb Bayramov maraqlı təkliflə çıxış etdi: “Turizm elə bir sahədir ki, bu sektora hər bir gənci yalnız istək, arzu gətirməlidir. Təsadüfdən bu sahəni seçmək sonda istənilən nəticəni vermir. Ona görə də təklif edərdim ki, hər tədris ilinin sonunda tələbələrin təcrübə keçməsi üçün imkan yaradılsın».
   «Fairmont Baku» hotelinin insan resursları üzrə mütəxəssisi Fidan Hüseynova çalışdığı müəssisədə tələbələrin təcrübə dövründən əvvəl 1-2 həftə təlim keçdiklərini bildirdi. O, iştirakçıların nəzərinə çatdırdı ki, hotelə gələn qonaq ona xidmət göstərən şəxsin təcrübəçi tələbə və ya əsas xidmət personalı olduğu ilə maraqlanmır, müştəri yüksək xidmət tələb edir. Bu baxımdan qeyd edilən təlimin faydası böyükdür.
   Sonda ATİ-nin Turizm biznesinin təşkili kafedrasının müdiri Bahadur Bilalov təhsil ocağının turizm müəssisələri ilə müzakirələrinin əhəmiyyətini vurğulayaraq belə görüşlərin vaxtaşırı keçiriləcəyini dedi.

   Fəxriyyə Abdullayeva