“Azərbaycan artıq mənim ikinci vətənim olub, bu xalqı sevirəm”
“Mən Niderlanddanam və Qarabağda səfərdəyəm, Qarabağ haqqında baş verənlər barədə kitab yazıram. Çünki mənim ölkəmdə insanlar Azərbaycan haqqında, Qarabağ haqqında məlumatlı deyil”.
Bunu Ağdama səfər edən niderlandlı yazıçı Henri Van Rens deyib.
Niderlandlı yazıçı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçısıdır. Dekabrın 6-da Bakıda işə başlayan beynəlxalq forum ertəsi gün Ağdam Konfrans Mərkəzində davam edib.
O qeyd edib ki, yazdığı kitab Birinci Qarabağ müharibəsi dövrünü, 1988–1994-cü illərdə baş verənləri əhatə edir.
Niderlandlı yazıçı Azərbaycana ilk dəfə 2009-cu ildə səfər etdiyini, o vaxtdan sonra mütəmadi olaraq ölkəmizə gəldiyini vurğulayıb: “Mən Azərbaycana səfərlərim zamanı bütün ölkəni gəzmişəm, lakin o zamanlar Qarabağa gəlmək mümkünsüz idi. Lakin 2021-ci ildə bu baş tutdu. Mən Qarabağa gəldim, burada insanlarla söhbət etdim, onların həyat hekayələrini dinlədim, kitabım üçün yeni fotolar çəkdim. Mənim kitabım ermənilər tərəfindən əsir alınıb işgəncəyə məruz qalmış, öldürülmüş Xocalı, Başlıbel və digər Qarabağ qurbanları barədədir. Kitab üzərində işlərim hələ davam edir. Bu gün ANAMA lazım olan köməkliyi mənə göstərir. Bu sayədə kitab tezliklə tamamlanacaq”.
Henri Van Rens kitabın gələn il Novruz ərəfəsində Niderlandda nəşr olunacağını deyib. O, kitabın təqdimatı üçün Azərbaycana səfər edəcəyini bildirib: “Azərbaycan artıq mənim ikinci vətənim olub. Mən bu xalqı sevirəm. Çox şadam ki, Qarabağ yenidən bütövlükdə Azərbaycana məxsusdur. Bir zamanlar bu torpaqlarda yaşamış insanlar indi deyirlər ki, biz evimizə qayıdırıq...”.