QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları dekabrın 7-də Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində minatəmizləmə prosesi ilə tanış olublar.
Qonaqlara Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması, minatəmizləmə zamanı itlərlə yanaşı, siçovullardan da istifadə edilməsi barədə də məlumat verilib.
İlk dəfədir ki, Ağdama gəlirik. Burada olan mənzərə o qədər də ürəkaçan deyil. Hər yer dağılmış vəziyyətdədir.
Bunu forumun iştirakçısı olan türkiyəli mütəxəssis Engin Özdəmir söyləyib.
Son illər Ağdamda çox gözəl yenidənqurma, tikinti-quruculuq prosesinin getdiyini söyləyən E.Özdəmir deyib: “Bu da türk olaraq bizləri xoşbəxt edir. Bu yerləri təmizləyərək mina bəlasından xilas ola biləcəyimizə ümid edirik”.