ADMİU-nun 100 illiyi münasibətilə konsert

 

Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik tədbirləri çərçivəsində “Sədalansın muğamatım” adlı konsert proqramı təqdim olundu. Konsert ADMİU-nun Muğam kafedrası tərəfindən təşkil edilmişdi.

Kafedranın müdiri Xalq artisti Teyyub Aslanov çıxış edərək müəllim və tələbə heyətinin ifasında “Şur” muğam dəsgahının təqdim ediləcəyini diqqətə çatdırdı. Bildirdi ki, muğam sənəti əsrlərdir ustad-tələbə üsulu ilə nəsillərdən nəsillərə ötürüldüyü üçün konsert də məhz bu konsepsiya üzərində qurulub. Musiqi axşamında dinləyicilər ustad-tələbə dialoqunun şahidi olacaqlar.

Sonra söz musiqiyə verildi.

Teyyub Aslanov və Əməkdar artist Zakir Əliyevin tələbələri ilə birgə çıxışını universitetin ansamblı müşayiət edirdi. Xalq şairi Bəxtiyar Vahabzadənin “Muğam” poemasından misralarla başlayan gecə xanəndələrin möhtəşəm ifaçılıq xüsusiyyətlərinin nümayişi ilə muğamın incəliklərini bir daha çatdırmış oldu. Dəsgahların ən böyüyü və sanballısı olan “Şur” öz şuxluğu ilə dinləyiciləri valeh elədi.

Tələbələr Əvəzxan Əzizov, Rəna Mehralıyeva, Sərxan Mirzəyev, Aynur Ağamalıyeva onlara sənətin sirlərini öyrədən müəllimlərinin əməyinin hədər getmədiyini nümayiş etdirdilər.

Konsert proqramı alqışlarla qarşılandı.

Lalə