Ölkəmizin 18 turizm müəssisəsi Dünya Turizm Təşkilatına assosiativ üzvlük barədə müraciət edib
   
   Xəbər verdiyimiz kimi, iyunun 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, ölkəmizdə fəaliyyət göstərən böyük hotellərin və turizm şirkətlərinin iştirakı ilə Azərbaycan Konqres Bürosu təsis edilib.
   
   Azərbaycanda işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə yaradılan qurumun əsas fəaliyyət istiqamətləri respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcək.
   Büronun fəaliyyətinin koordinasiya edilməsində Azərbaycan Turizm Assosiasiyası (AZTA) mühüm rol oynayacaq. Assosiasiyanın idarə heyətinin sədri Nahid Bağırov yeni qurumun işinə bir çox məsələlərdə yardım edə biləcəklərini deyir.
   Qeyd edək ki, AZTA Azərbaycan Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzi ilə birlikdə artıq iki ildir Dünya Turizm Təşkilatının assosiativ üzvüdür. Bu yaxınlarda DTT İcraiyyə Şurasının Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 95-ci iclasında Azərbaycanın 18 turizm müəssisəsi quruma assosiativ üzvlük barədə müraciət edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bildirdiyinə görə, müraciət edən turizm müəssisələri haqqında rəy müsbətdir.
   DTT-də Azərbaycan təmsilçilərinin sayının artması bu müstəvidə ölkə turizminin təbliği üçün geniş imkanlar deməkdir. Onu da qeyd edək ki, AZTA-nın rəhbəri Nahid Bağırov DTT-yə qoşulmuş üzvlərin Şurasının vitse-prezidentidir.
   Onun sözlərinə görə, ölkəmizdən DTT-yə assosiativ üzvlük üçün müraciət edən 18 turizm müəssisəsindən 2-si hotel, 16-sı isə turizm şirkətidir: “Bu hotel və turizm şirkətləri eyni zamanda AZTA-nın üzvüdür. Bu o deməkdir ki, Azərbaycan turizminin DTT üzvü olan ölkələrdə kifayət qədər təbliğat imkanı yaranıb».
   Assosiasiya sədri bildirdi ki, tanınmış ölkələrin konqres büroları da DTT-nin üzvüdür: «Bu bürolarla çox yaxın əlaqələrimiz var. Çalışacağıq ki, Azərbaycan Konqres Bürosunun fəaliyyətində bu əlaqələrdən də istifadə edək».
   Həmsöhbətimiz qeyd etdi ki, DTT-də assosiativ üzvlük hər bir turizm qurumu üçün mühüm məsuliyyətdir: “Bu il müxtəlif ölkələrdən 30-a yaxın turizm müəssisəsi üzvlük üçün təşkilata müraciət etmişdi. Bunun yarısından çoxu Azərbaycandan idi. Bu isə o deməkdir ki, Azərbaycan artıq turizm sahəsində dünyada öz sözünü deyir. Bu gün assosiativ üzvlərinin sayına görə Dünya Turizm Təşkilatında birinci yeri İspaniya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Braziliya tutur. Bu çox böyük nəticədir. Əldə etdiyimiz uğurlar Azərbaycanda bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin nəticəsidir”.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar