Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Səfurə Həsənovanın Ulu öndər Heydər Əliyevə həsr olunan “Mənəvi atam” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü Elnurə İsgəndərova kitabda Ulu öndərin müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin tərəqqisinə yönəlmiş tarixi xidmətlərindən, dövlət gənclər siyasətindən bəhs edildiyini söyləyib.
Kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verib. “Heydər Əliyev İli” çərçivəsində kitabxana tərəfindən reallaşdırılan “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsinin Ümummilli liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirildiyini bildirib. Qeyd olunub ki, Heydər Əliyevə həsr edilən hər bir tədbirin, təqdimatın, qələmə alınan əsər dahi şəxsiyyətin xatirəsinə dərin hörmət və ehtiramın əlamətidir.
Müəllif Səfurə Həsənova rəhbərlik etdiyi Heydər Əliyev Məktəb-Muzeyinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verib. O, “Mənəvi atam” kitabının bu muzeydə dəyərli eksponatlardan birinə çevriləcəyini bildirib.
Tədbirin sonunda müəllif “Mənəvi atam” kitabını Gənclər Kitabxanasına bağışlayıb, tədbirin təşkilində əməyi keçənlərə minnətdarlıq edib.