Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimovun 75 illik yubileyi və pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş gecə keçirildi.
Musiqişünas, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı yubilyarı təbrik edərək onun həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən söz açdı.
Yubiley təbrikinə gələn Xalq artistləri – Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru Siyavuş Kərimi, dirijor Ağaverdi Paşayev, tarzən Möhlət Müslümov, eləcə də AMK-nın prorektoru professor Lalə Hüseynova, AMK nəzdində Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi Nazim Kazımov, BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə milli musiqimizin təbliğində, yeni tar ifaçılarının yetişdirilməsində böyük xidmətlər göstərən pedaqoqu təbrik etdilər.
Qeyd olundu ki, 13 il Milli Konservatoriyanın Xalq çalğı alətləri kafedrasına rəhbərlik etmiş Məmmədağa Kərimovun yetişdirdiyi tarzənlər bu gün musiqi mədəniyyətimizi yüksək səviyyədə təbliğ edir, müxtəlif təltiflərə layiq görülürlər.
Yubiley gecəsi pedaqoqun yetirmələrinin təqdimatında konsert proqramı ilə davam etdi. Xalq artisti Möhlət Müslümov, Əməkdar artistlər – AMK-nın dosentləri Səbuhi Cəfərov, Ələkbər Ələkbərov, Rövşən Qurbanov, baş müəllimlər Arslan Növrəsli, Natəvan Həsənova, Musiqi Kollecinin müəllimi Humay Qədimova və digər tələbələrin çıxışları alqışlarla qarşılandı.
Lalə