Sumqayıt Gənclər Kitabxanasının əməkdaşları dekabrın 11-də şəhərdəki 1 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiriblər.
“Azərbaycanın özü qədər əbədi şəxsiyyət” adlı tədbir Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Kitabxananın müdiri Leyla Mahmudova Ulu öndərin həyatı, siyasi fəaliyyəti haqqında söz açıb. Qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev tarixin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dekabrın 12-si Ümummilli liderimizin anım günü xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Sonra “2023-cü il – “Heydər Əliyev İli” başlığı ilə sərgilənən kitablar haqqında məlumat verilib.
Tədbirdə çıxış edən 1 nömrəli tam orta məktəbin tarix müəllimi Kamilə Abdullayeva Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və qətiyyətli, uzaqgörən siyasəti nəticəsində ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyduğunu deyib.
Şagirdlərin ifasında şeirlər səsləndirilib, “Muğam” xorunun ifasında musiqi kompozisiyaları təqdim olunub.