Dekabrın 8-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhməd Akif Ərsoyun (1873–1936) Azərbaycan dilinə uyğunlaşdırılan şeirlərindən ibarət kitabın təqdimatı keçirildi. “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabı şairin anadan olmasının 150 illiyi münasibətilə TÜRKSOY tərəfindən nəşr olunub.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq TÜRKSOY-un Türk dünyasının mədəni irsinin təbliğinə, qardaş ölkələrimiz arasında mədəni əməkdaşlığa böyük töhfələr verdiyini vurğuladı. Milli Kitabxananın da TÜRKSOY təşkilatı ilə əməkdaşlıq etdiyini, görkəmli şəxslərin yaradıcılığı ilə bağlı layihə və tədbirlər həyata keçirdiklərini deyən direktor diqqətə çatdırdı ki, Məhməd Akif Ərsoyun şeirlər kitabı ilk dəfə Azərbaycan dilində nəşr edilir. Kitab görkəmli ədibin yaradıcılığının ölkəmizdə daha çox tanınmasına və sevilməsinə zəmin yaradacaq.
TÜRKSOY-un baş katibi Sultan Raev çıxışında diqqəti Məhməd Akif Ərsoyun yaradıcılığına yönəltdi. Onun bir millətin ruhunda dərin izlər buraxan şairlərdən olduğunu, Türk dünyasının milli şairləri arasında yer aldığını vurğuladı. Baş katib şairin anadan olmasının 150 illiyi münasibətilə TÜRKSOY Daimi Şurasının qəbul etdiyi qərarla 2023-cü ilin “Türk dünyasında Məhməd Akif Ərsoy İli” elan edildiyini diqqətə çatdırdı.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında TÜRKSOY-un 30 illik yubileyini əlamətdar hadisə kimi dəyərləndirdi. O, TÜRKSOY-un fərqli coğrafiyalarda yaşayan, lakin eyni soy-kökdən gələn türk xalqları üçün önəmli işlər gördüyünü qeyd etdi. Nazir müavini Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və ilk dəfə keçirilən Türk Dünyası Mədəniyyət Forumundan da danışdı. Qeyd etdi ki, Məhməd Akif Ərsoyun şeirləri Azərbaycan dilində kitab şəklində ilk dəfə işıq üzü görsə də, o Azərbaycan oxucusuna çoxdan tanışdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar TÜRKSOY vasitəsilə Türk dünyasının daha da yaxınlaşdığını bildirdi. “Məhməd Akif Ərsoy az-az şairlərdəndir ki, onun şeiri oxunanda hamı ayaq üstə qalxır. Söhbət Türkiyə himnindən gedir”, – deyə o əlavə etdi.
Mətbuat Şurasının sədri Rəşad Məcid kitabın hazırlanmasında əməyi keçənlərə təşəkkür etdi, Azərbaycan oxucusunun Məhməd Akif yaradıcılığına, qardaş türk xalqının qəhrəmanlıq tarixini poetik dillə qələmə alan şairə sonsuz sevgisi olduğunu dedi.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtım müşaviri Muhittin Macit, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev kitabın şairin zəngin dilini, dərin düşüncəsini, duyğu dərinliyini ehtiva etdiyini vurğuladılar. Bildirildi ki, kitabdakı şeirlər türk millətinin tarixini, mədəniyyətini və ruhunu əks etdirən bədii nümunələrdir.
Onu da qeyd edək ki, kitabdakı şeirləri Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdıran şair Elşən Mehdi, tərtibçi-redaktor Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, nəşrin məsləhətçisi Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlıdır.
Sonda TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim edildi.
Savalan Fərəcov