Mədəniyyət paytaxtımız estafeti Türkmənistanın Anev şəhərinə verdi

 

Dekabrın 10-da Şuşa Hotel-Konqres Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirildi.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Bununla bağlı 6 dekabr 2022-ci il tarixində Prezident İlham Əliyev “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdı. İl ərzində silsilə tədbirlər, müxtəlif layihələr bir-birini əvəz edib.

Artıq estafeti Türk dünyasının başqa bir şəhərinə vermək zamanı gəlib. Bu il oktyabrın 14-də TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının Şuşada keçirilən iclasında növbəti ilin “paytaxt” şəhəri də müəyyən edilib: bu, Türkmənistanın Anev şəhəridir...

Bağlanış mərasimində rəsmilər, ölkəmizdən və türk dövlətlərindən mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə qonaqlar Türk dünyası rəssamlarının Şuşa sərgisi ilə tanış oldular.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalandığını diqqətə çatdırdı. Bildirdi ki, sərəncama uyğun olaraq, geniş tədbirlər planı hazırlanıb. “Paytaxt ili” çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, TÜRKSOY, Prezidentin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və digər qurumların dəstəyi ilə Şuşada, ölkəmizin müxtəlif guşələrində, eləcə də xaricdə silsilə tədbirlər keçirilib. Bu tədbirlər Şuşanın mədəniyyət incisi kimi təbliğinə xidmət etməklə yanaşı, dünyanın müxtəlif bölgələrində yaşayan türk xalqlarının ortaq dəyər və ənənələrini bölüşdüyü mədəniyyət platforması rolunu oynayıb.

“İl ərzində həyata keçirilən fəaliyyətləri təhlil edərkən həm TÜRKSOY təşkilatının instusional təkmilləşməsi, həm də türk dövlətləri arasında mədəniyyət əlaqələrinin inkişafı baxımından bir sıra irəliləyişlərə nail olunduğunu deyə bilərik. Azərbaycan 3-cü “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı, TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı toplantısı və Türk Dünyası Muzeylər Görüşünə ev sahibliyi etməklə yanaşı, ilk dəfə gerçəkləşən TÜRKSOY Beynəlxalq Teatr Festivalı və Türk Dünyası Mədəniyyət Forumu da dövlət başçıları tərəfindən mədəni əməkdaşlıq sahəsində qarşımıza qoyulan tapşırıqların uğurla həyata keçirilməsində mühüm rol oynayıb”, – deyə nazir bildirdi.

Diqqətə çatdırıldı ki, Türk Dövlətləri Təşkilatının Astana şəhərində keçirilən 10-cu Zirvə görüşü zamanı dövlət başçılarımız Türk Dünyası Mədəniyyət Forumunun uğurlu olduğunu və onun mütəmadi təşkilini məqsədəuyğun hesab etdiklərini bildiriblər: “Əminik ki, dost və qardaş dövlətlərimiz Türk Dünyası Mədəniyyət Forumuna növbəlilik prinsipi ilə ev sahibliyi edəcək, layihənin davamlı təşkilinə dəstək olacaqlar. Bu forum bizim ən əhəmiyyətli ortaq platformalarımızdan birinə çevriləcək”.

Nazir bildirdi ki, bu il Türk dünyası üçün əlamətdar hadisələrdən biri Azərbaycan xalqının Ümummilli liderinin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə “Heydər Əliyev İli”nin elan edilməsidir. Bu tarixi hadisə Azərbaycanda və Türk dünyasında böyük təntənə ilə qeyd olunur. Çünki Ulu öndərin fəaliyyətində Türk dünyası ilə əlaqələrin gücləndirilməsi hər zaman xüsusi yer tutub: “Qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi TÜRKSOY ümumtürk mədəni irsinin mühafizə olunması, gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində önəmli xidmətlər göstərib. Təşkilatla əməkdaşlıq münasibətlərimiz hazırda ən yüksək səviyyədədir və Mədəniyyət Nazirliyi olaraq TÜRKSOY-un fəaliyyətinə dəstəyimiz bundan sonra da davam edəcək”.

Qeyd olundu ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Zəfər və bu il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa olunub: “30 ilə yaxın işğal altında qalan və viran edilən torpaqlarımız Qarabağ və Şərqi Zəngəzura artıq həyat qayıdır. Dövlət başçısının qayğısı və diqqəti ilə tarixi-mədəni abidələr bərpa olunur, genişmiqyaslı tikinti işləri aparılır. Azərbaycan mədəniyyətinin himayədarı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, mədəni irsin qorunmasına müstəsna töhfələr verilir. Bir sözlə, Şuşanın ənənəvi mədəni mühiti yenidən dirçəlir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, Şuşanın tarixi və mədəniyyətinin ölkə xaricində təbliği istiqamətində genişmiqyaslı işlər aparılır və bir sıra layihələr həyata keçirilir”.

Adil Kərimli onu da nəzərə çatdırdı ki, bu il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul olunub. “Bu qərar İslam mədəniyyətinin zənginliklərini özündə dolğun şəkildə təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir. Bu baxımdan, növbəti ildə keçiriləcək tədbirlərlə İslam dünyası Şuşa şəhərində toplanacaq və müsəlman aləminin qəlbi bu şəhərdə döyünəcək”, – deyə Adil Kərimli əlavə edib.

Nazir çıxışının sonunda “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində tədbirlərin yüksək səviyyədə təşkilinə töhfələrinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinə, TÜRKSOY Katibliyinə, əlaqədar qurumlara və əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini təhvil alması münasibətilə Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovu təbrik edən Adil Kərimli yeni “paytaxt” Anev şəhərində keçiriləcək tədbirlərdə uğurlar arzuladı.

***

Türkmənistanlı nazir Atageldi Şamıradov 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Anev şəhərində keçiriləcək tədbirlər haqqında məlumat verdi.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimiz tərəfindən Şuşada həyata keçirilən bərpa-quruculuq işləri haqqında danışdı, şəhərdə mədəni infrastrukturun yaradılmasının da xüsusilə diqqətdə saxlanıldığını söylədi.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qonaqlara qurumun baş katibi Sultan Raevin salamlarını çatdırdı.

Tədbir çərçivəsində nümayiş olunan Türk dünyası rəssamlarının sərgisi haqqında da  məlumat verən E.Qafarlı sərgidə yer alan 12 rəssamın əsərinin Şuşaya hədiyyə ediləcəyini vurğuladı.

***

Sonra “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirildi.

2023-cü il üzrə “TÜRKSOY Media Mükafatı”nın təqdimatı oldu.

Azərbaycandan Medianın İnkişafı Agentliyi və “Ədəbiyyat və incəsənət” xəbər portalı təltif olundu. Mükafata digər layiq görülənlər: “AIQYN” qəzetinin baş redaktoru Amangəldi Kurmet, “Xabar 24” televiziyasının müxbiri Merüyert Pambetova (hər ikisi Qazaxıstan), Qırğızıstan Respublikası Milli Televiziya və Radio Şirkətinin (UTRK) müdiri Bolotbek Tillebayev, “AKİPress” İnformasiya Agentliyinin baş redaktoru Alina Sagınbayeva (Qırğızıstan), Özbəkistanda nəşr olunan “Mədəniyyət” qəzetinin baş redaktoru Dilbahor Hudayberdiyeva, “Özbəkistan 24” televiziyasının müdir müavini Şunkor Choriyev, yazıçı və televiziya icmalçısı Mesut Hakkı Caşın, televiziya proqram müəllifi və aparıcısı Pelin Çift (TRT 1), “Esrarengiz Azərbaycan” silsilə verilişlərinin (NTV kanalı) müəllifi və aparıcısı Esra Gezginci (hər üçü Türkiyə), Türkmənistan Televiziya, Radio və Kinematoqrafiya Dövlət Komitəsi, Qaqauz Yazıçılar Birliyi jurnalının baş redaktoru Konstantin Kurtoğlu və Qaqauz Radio və Televiziyasının prodüseri Alyona Terzi (hər ikisi Moldova), Türk Ajansı Kıbrıs (TAK) müdiri Fehmi Gürdallı və “Time Balkan”ın baş redaktoru Seyyid Emin (Şimali Makedoniya).

Türk dünyasında kino sahəsinə töhfələrinə görə qırğızıstanlı rejissor Zamir Eraliyevə “TÜRKSOY Xüsusi Mükafatı” təqdim edildi.

***

Daha sonra mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dönəm sədrliyinin simvolunu türkmənistanlı həmkarı Atageldi Şamıradova təqdim etdi.

2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən Anevin bələdiyyə sədri Rövşən Cumayevə təqdim olundu.

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin uğurlu yekunları münasibətilə TÜRKSOY tərəfindən Aydın Kərimova sertifikat verildi.

Türkmənistanın Anev şəhəri ilə bağlı videoçarxın nümayişindən sonra Azərbaycan, Türkmənistan və Özbəkistandan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edildi.

Sonda xatirə fotosu çəkdirildi.

Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa bu missiyanı qəbul edən 11-ci şəhərdir.

Nurəddin Məmmədli
Foto: Həbib Hüseynov