Tariximizin gələcək qalibiyyət səhifələri də Heydər Əliyev dühasının işığında yazılacaq

 

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü tamam oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib. Prezident Ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Hər il olduğu kimi, bu il də Ulu öndərin anım günündə Azərbaycan xalqı dahi oğlunun xatirəsini dərin ehtiramla anıb. İnsanlar axın-axın Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarı üzərinə güllər düzüb, Vətən və xalq qarşısındakı xidmətlərini minnətdarlıq duyğuları ilə xatırlayıblar. Onların sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar – Vətən müharibəsi qaziləri, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, sıravi vətəndaşlar vardı...

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.

Xalqımız Ulu öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham onun xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir. Bunun davam etdirilməsi sosial çağırışdır. Məhz bu çağırışa cavab olaraq Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli sərəncamına əsasən Ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi.

Sərəncamda da qeyd olunduğu kimi, Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Bu gün Azərbaycan Ümummilli liderin müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu öndərin layiqli davamçısı, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir.

Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Dahi şəxsiyyətin bu arzusunu qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı xalqımıza bu il sentyabrın 19-da növbəti Qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib.

Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək. Dövlətçilik tariximizin bundan sonrakı qalibiyyət səhifələri də Heydər Əliyev dühasının işığında yazılacaq...