Dekabrın 11-də UNESCO-nun mənzil-qərargahında Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 tərəf ölkənin yekdil qərarı ilə qəbul olunub.
Qətnamədə silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə üzv dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur.
Qətnamədə 1954-cü il Haaqa Konvensiyasını pozan addımların atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, minaların mədəni irsə təsiri mövzusu UNESCO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı, eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.