Azərbaycan

 

16 dekabr 1898 – Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov (1898 – 1.3.1981) Bakıda anadan olub. “Molla Nəsrəddin” jurnalında karikaturaçı kimi çalışıb, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub. “Nizaminin portreti”, “Firdovsinin dəfni” və s. əsərlərin müəllifidir. 

16 dekabr 1909 – Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Cahangir Rəcəb oğlu Gözəlov (1909 – 7.9.1999) Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub.

16 dekabr 1922 – Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi İmran Sultan oğlu Seyidov (1922 – 10.5.2001) Qubada doğulub. “Koroğlu” dastanını rus dilinə tərcümə edib. Azərbaycan EA-nın İctimai elmlər bölməsinin elmi katibi olub.

16 dekabr 1927 – Tarixçi alim, akademik Cəmil Bahadur oğlu Quliyev (1927 – 27.12.2010) Ağdamda doğulub. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub.

16 dekabr 1932 – Ədəbiyyatşünas, professor Xalid Əlimirzə oğlu Əlimirzəyev (1932 – 30.1.2016) Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.

16 dekabr 1934 – Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Qulam oğlu Bayram (1934 – 18.4.1991) Bakının Əmircan kəndində anadan olub. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.

16 dekabr 1952 – Əməkdar artist, müğənni Zöhrə Abdulla qızı Abdullayeva (1952 – 28.5.2021) Şuşa şəhərində anadan olub.

16 dekabr 1959 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Dram Teatrına “Akademik Teatr” statusu verilib.

16 dekabr 1961 – Jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əziz qızı Əsgərova (1961 – 9.1.1991) anadan olub.

16 dekabr 1979 – Məşhur cazmen, bəstəkar, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (16.3.1940 – 1979) vəfat edib. Caz-muğamın yaradıcısıdır. Beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı olub.

16 dekabr 2011 – Opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (23.9.1928 – 2011) vəfat edib. 1951-1988-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub.

 

17 dekabr 1905 – “İrşad” qəzeti nəşrə başlayıb. Nəşrin imtiyaz sahibi Əhməd bəy Ağaoğlu idi. M.Ə.Rəsulzadə bir müddət qəzetin redaktoru olub. Üzeyir Hacıbəyli bir çox publisistik məqalələrini, “Ordan-burdan” silsiləsindən felyetonlarını bu qəzetdə dərc etdirib. Nəşr 1908-ci ildə fəaliyyətini dayandırıb.

17 dekabr 1905 – Xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov; 1905 – 3.7.1990) Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndində anadan olub. Şairin “Gətir oğlum, gətir!” poeması XX əsr Azərbaycan poeziyasının ən gözəl nümunələrindəndir. Sözlərinə mahnılar yazılıb.

17 dekabr 1924 – Filologiya elmləri doktoru, mətbuat xadimi, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməmməd oğlu Hüseynov (1924 – 24.6.2019) Şəkidə doğulub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.

17 dekabr 1987 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (29.8.1929 – 1987) vəfat edib. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub.

17 dekabr 1993 – Xalq yazıçısı, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 – 1993) vəfat edib. “Gələcək gün”, “Böyük dayaq” romanları,  “Həyat”, “Kəndçi qızı” pyesləri və s. əsərlərin müəllifidir.

17 dekabr 1994 – Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş təntənəli gecə keçirilib. Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamın sərgisi açılıb. Prezident Heydər Əliyev yubiley tədbirlərində iştirak edib.  

17 dekabr 2018 – Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

18 dekabr 1928 – Tanınmış xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 – 11.6.1987) Salyan rayonunda doğulub. Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı olub, opera tamaşalarında Məcnun (Ü.Hacıbəyli – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. rollarda çıxış edib.

18 dekabr 1930 – Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı (1930 – 16.1.2014) Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. “Azərbaycan tarixi üzrə qaynaqlar”, “Azərbaycan türklərinin etnogenezi” və s. əsərlərin müəllifidir.

18 dekabr 1934 – Şair, dramaturq, publisist Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov; 1934–2018) anadan olub.

18 dekabr 1954 – Tanınmış teatrşünas, rejissor Şaiq Cabir oğlu Səfərov (1954 – 27.1.2022) Bakıda anadan olub. Müxtəlif teatrlarda çalışıb, Azərbaycanda beynəlxalq teatr tədbirlərinin təşkilində yaxından iştirak edib, xaricdə teatr forumlarında ölkəmizi təmsil edib. 

18 dekabr 1957 – Yazıçı, dramaturq, şair, Əməkdar incəsənət xadimi Əyyub Cəbrayıl oğlu Abbasov (1905–1957) vəfat edib. Zəngəzur qəzasının Şəki kəndində doğulub. “Zəngəzur” romanı, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.

18 dekabr 1980 – Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi yaradılmasının 60 illiyi ilə əlaqədar Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

18 dekabr 2000 – Prezident Heydər Əliyev 1898-ci ildə Bakıda çəkilmiş kinosüjetlərin ilk kütləvi nümayişinin keçirildiyi tarixin – 2 avqustun kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü elan edilməsi barədə sərəncam imzalayıb.

18 dekabr 2006 – Prezident İlham Əliyev Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

 

Dünya

 

16 dekabr 1770 – Alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven; 1770 – 26.3.1827) anadan olub.

16 dekabr 1775 – İngilis realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen; 1775–1817) anadan olub.

16 dekabr 1866 – Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən Vasili Kandinski (1866–1944) anadan olub.

 

17 dekabr 1830 – Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt; 1830 – 20.6.1870) anadan olub. Yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Oonkur mükafatı onların şərəfinə təsis edilib.

17 dekabr 1893 – Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator; 1893-1966) anadan olub.

 

18 dekabr 1921 – SSRİ Xalq artisti, aktyor, sirk ustası Yuri Vladimiroviç Nikulin (1921 – 21.8.1997) anadan olub. Çəkildiyi filmlər: “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva Sirkinə rəhbərlik edib.

Hazırladı: V.Orxan