Xəbər verdiyimiz kimi, dekabrın 10-da “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirildi. Zəngin proqramı olan mərasimdə 2023-cü il üzrə “TÜRKSOY Media Mükafatı” da sahiblərinə təqdim edildi.

Tədbirdən sonra mükafata layiq görülən media nümayəndələrinin bəzilərindən təəssüratlarını öyrəndik.

“Esrarengiz Azərbaycan” silsilə verilişlərinin (NTV, Türkiyə) müəllifi və aparıcısı Esra Gezginci deyir ki, Şuşada TÜRKSOY-dan mükafat almaq çox qürurverici hissdir: “Çünki “Esrarengiz Azərbaycan” verilişini hazırlayarkən Şuşada da çəkilişlərimiz oldu. “Paytaxt ili”ndə Şuşada rəngarəng tədbirlər keçirildi. Türkmənistanın Anev şəhəri 2024-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Ümidvaram ki, gələn il orada da çəkiliş edə biləcəyəm”.

Müəllifi və aparıcısı olduğu veriliş haqqında məlumat verən Esra Gezginci bildirdi ki, proqram üzrə Azərbaycanla bağlı ümumilikdə 10 veriliş çəkilib: “Proqramın 5 verilişi isə Şuşa şəhərində lentə alınıb. Bu verilişlər Bakıdan Şuşaya qədər uzanan gözəl bir səyahəti özündə əks etdirir. Deyə bilərəm ki, Şuşa ilk çəkilişimizdən bu yana daha da abadlaşıb, gözəlləşib. Bu gün Şuşa öz əvvəlki əzəmətini bərpa edir. Bu da bizi çox xoşbəxt edir”.

Qazaxıstanın “Xabar 24” televiziyasının müxbiri Merüyert Pambetova Şuşaya ilk dəfə gəldiyini deyir: “Bu gözəl şəhəri görmək üçün mənimlə birlikdə həyat yoldaşım və 4 yaşlı oğlum da buradadırlar. Mənə dedilər ki, oğlum Şuşaya xarici vətəndaş vəsiqəsi ilə gələn ilk uşaqdır. Günortaya qədər Şuşanı gəzmək fürsətimiz oldu. Şuşa o qədər mükəmməl, o qədər gözəl bir yerdir ki... Yaxşı ki, bu gözəl şəhəri görmək imkanım oldu. Bu imkanı bizə yaratdığı üçün TÜRKSOY-a öz minnətdarlığımı bildirirəm. Bildiyiniz kimi, “TÜRKSOY Media Mükafatı” alanların siyahısında mənim də adım var. Buna görə quruma ayrıca təşəkkür edirəm”.

“Özbəkistan 24” televiziyasının müdir müavini Şunkor Choriyev də Azərbaycana ilk dəfəfdir gəlib: “Şuşa haqqında mətbuatdan çox məlumat almışdım. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı Şuşanın azad edilməsi xəbəri o vaxt bizim radio və televiziyalarda geniş işıqlandırılmışdı. 30 ilə yaxın bir müddətdən sonra Azərbaycan şanlı Zəfər qazanaraq Şuşanı, Qarabağı azad etdi. Bir türk olaraq Şuşanın azad olunması məni çox sevindirmişdi. Bu gün artıq buradayam, valehedici təbiəti, gözəl mənzərəsi olan Şuşa şəhərindəki bağlanış tədbirində iştirak edirəm. Burada iştirakıma və mükafata görə TÜRKSOY-a xüsusi təşəkkür edirəm. Arzu edirəm ki, Türk dünyasının bu birliyi daim olsun. Bildiyim qədər, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. İnanıram ki, Şuşa bu missiyanın da öhdəsindən layiqincə gələcək”.

Qaqauz Yazıçılar Birliyi jurnalının baş redaktoru Konstantin Kurtoğlu (Moldova) Şuşa şəhərində, Azərbaycan torpağında olmağından məmnunluğunu bildirir: “Sağ olsun TÜRKSOY ki, bu gün onların sayəsində buradayıq. “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinə görə quruma ayrıca təşəkkür edirəm. Bu layihə Türk dünyasının daha da yaxınlaşmasına, türk xalqlarının mədəniyyəti ilə tanış olmağımıza köməklik göstərir. Gələn il Türkmənistanın Anev şəhəri bu missiyanı yerinə yetirəcək. İnanıram ki, Şuşada olduğu kimi, orada da bir-birindən zəngin və yaddaqalan tədbirlər həyata keçiriləcək”.

Qaqauz Radio və Televiziyasının əməkdaşı Alyona Terzi (Moldova): “Türk dünyasının bir qolu, qaqauz olaraq bugünkü tədbirdə iştirak edirik. Ümidvaram ki, belə tədbirlər daha çox olacaq. Çünki bu cür layihələr Türk dünyasının birliyinə xidmət edir. Var olsun, Türk dünyası!”.

Nurəddin