Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Ukrayna Milli Filarmoniyasında klassik musiqi konserti keçirilib.

Bu ölkədəki səfirliyimizin təşəbbüsü və təşkilatçılığı ilə musiqi axşamında Ukrayna Milli Simfonik Orkestrinə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib.

Konsertdə Ukrayna mədəniyyət və informasiya siyasəti naziri vəzifəsini icra edən Rostislav Karandeyev, digər rəsmilər, diplomatik korpusun nümayəndələri, diaspor təşkilatlarının rəhbər və fəalları, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsertdən əvvəl çıxış edən səfir Seymur Mərdəliyev bildirib ki, Heydər Əliyev Ukraynanın dostu, Azərbaycan ilə Ukrayna arasında dostluğun və strateji tərəfdaşlığın banisi olub. Heydər Əliyev irsinə əsaslanan iki ölkə arasında tərəfdaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.

Konsertdə Azərbaycan və Ukrayna bəstəkarlarının əsərləri səslənib.