Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Fonddan bildiriblər ki, Hikmət Hacıyev Aktotı Raimkulovanı Türk dövlətlərinin başçıları tərəfindən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib. O, müasir dövrdə türk xalqlarının hərtərəfli inteqrasiya proseslərinin gücləndirilməsinin önəmindən bəhs edərək, türk dövlətlərinin mədəni əlaqələrinin inkişafında təşkilatın rolunu vurğulayıb.
Söhbət zamanı Aktotı Raimkulova Azərbaycan torpaqlarının işğaldan azad olunmasını bütövlükdə Türk dünyası üçün tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. Təşkilatın rəhbəri bu il Türk dünyasında qeyd olunan əlamətdar yubileylər sırasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illiyinə diqqət çəkib.
Aktotı Raimkulova fondun yaradılmasında və ilk illərdən təşkilatın fəaliyyətinə dəstəyin verilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb. Fondun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa prosesinə də töhfə verməyə hazır olduğunu vurğulayıb.