Fransanın müstəmləkəçilik siyasətindən bəhs edilib
BMT-nin Cenevrə Ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: insan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Fransanın keçmiş və indiki müstəmləkələrindən olan nümayəndələr rəsmi Parisin bu ölkələrdə davam etdirdiyi yeni kolonializm siyasətinin ağır fəsadları barədə məlumat veriblər. Bildirilib ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, bu ölkələrdə sabitliyin pozulması siyasətini həyata keçirir, eyni zamanda, hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir. Təbii ehtiyatlarla zəngin olan bu ölkələrin xalqları Fransadan dəfələrlə çətin şəraitdə yaşayır, işsizlik və yoxsulluq səviyyəsi dəfələrlə yüksəkdir. Fransa yerli xalqların süni şəkildə assimilyasiya edilməsi siyasəti və qeyri-qanuni miqrantların bu ərazilərə köçürülməsi ilə yerli xalqların müstəqillik uğrunda mübarizəsini boğmağa çalışır.
Vurğulanıb ki, Fransa 1980-ci ildə özünün də ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktı ilə xalqlar qarşısında götürdüyü bütün öhdəlikləri pozub.
Konfrans iştirakçıları Fransanın özünün geostrateji mövqeyini möhkəmləndirmək məqsədilə müstəmləkəyə çevirdiyi ölkələri hərbiləşdirməsinə, hərbi bazalarını orada yerləşdirməsinə etiraz ediblər.
İştirakçılar Fransa tərəfindən ölkələrində fundamental insan hüquqlarının və azadlıqlarının pozulması faktlarını sadalayıb, azadlıq uğrunda mübarizədə beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini qeyd ediblər. BMT institutları və Qoşulmama Hərəkatı çərçivəsində hüquqi əsasda mübarizənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Konfransda Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri Qoşulmama Hərəkatının sədri kimi Azərbaycandan bu istiqamətdə onlara dəstək göstərilməsini xahiş ediblər.
Konfransın sonunda yekun bəyannamə qəbul edilib. İştirakçılar onlara göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, eləcə də Bakı Təşəbbüs Qrupunun üzvlərinə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, bu, 2023-cü ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən və kolonializmə qarşı mübarizə aparan, azad olmağa çalışan xalqlara həsr olunmuş IV beynəlxalq konfransdır.