Ölkəmizin Almaniyadakı səfirliyi dekabrın 12-də Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil edib.
Tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin diplomatları, Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi tarixi xidmətlərdən danışıb.
Almaniya Federal İqtisadi Təşviq və Xarici Ticarət Assosiasiyasının icraçı direktoru Urs Unkauf Heydər Əliyevin Azərbaycan-Almaniya münasibətlərinin formalaşmasında rolundan bəhs edib. Vurğulayıb ki, Heydər Əliyev Qərb ölkələri arasında Almaniya ilə əlaqələrə xüsusi önəm verib və bu münasibətlərin dinamik, yüksələn xətlə inkişafı üçün əlverişli zəmin hazırlayıb.
Tədbir çərçivəsində Almaniyada yaşayan gənc azərbaycanlı rəssam Günay Şəmsinin çəkdiyi “Heydər Əliyev” portretinin təqdimatı keçirilib.
Daha sonra keçirilən konsertdə Almaniyada yaşayan soydaşımız – dirijor, skripkaçı və bəstəkar Anar İbrahimovun rəhbəri olduğu “Reyn virtuozları” adlı kamera orkestrinin ifasında tanınmış Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
***
Ulu öndərin xatirəsinə həsr edilmiş daha bir tədbir Azərbaycanın Niderlanddakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə dəstəyi ilə Haaqada keçirilib.
Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev bildirib ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunub. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır.
Tədbir tanınmış azərbaycanlı pianoçu, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarovanın klassik musiqilərdən ibarət konsert proqram ilə davam edib.
Tədbirdə diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.