Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY bu il yaradılmasının 30 illik yubileyini qeyd edir. Bu münasibətlə üzv ölkələrdə müxtəlif tədbirlər təşkil olunur.
11-13 dekabr tarixlərində Ankarada TÜRKSOY-un yubileyinə həsr olunmuş konsertlər keçirilib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə gerçəkləşən qala-konsertdə təşkilatın nəzdində fəaliyyət göstərən Xalq Çağlı Alətləri Orkestri də iştirak edib. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Qaqauz Yeri (Moldova) və Saxa-Yakutiyadan (Rusiya) sənətçilərin qatıldığı bayram şölənində Azərbaycanı tarzən Ruslan Zərbəliyev və kamança ifaçısı Pərviz Fərhadov təmsil ediblər.
Tədbirə TÜRKSOY-a üzv olan ölkələrin diplomatları və dövlət rəsmiləri qatılıblar.
Qeyd edək ki, Pərviz Fərhadov və Ruslan Zərbəliyev 2016-cı ildən adıçəkilən orkestrdə ölkəmizi təmsil edirlər. R.Zərbəliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, P.Fərhadov isə Azərbaycan Milli Konservatoriyasının müəllimləridir. Musiqiçilər qurumun 30 illik yubiley medalı ilə təltif ediliblər.