Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Sumqayıtda qastrol səfərində olub.
Yaradıcı heyət Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin "Aktyorun taleyi" tamaşasını nümayiş etdirilib. Əsər Azərbaycan peşəkar teatrının formalaşmasında, inkişafında müstəsna xidmətləri olmuş Hüseyn Ərəblinskiyə həsr edilib.
Mərhum Xalq artisti İranə Tağızadənin quruluş verdiyi əsərdə baş rolu – Hüseyn Ərəblinski obrazını Əməkdar artist Firdovsi Atakişiyev canlandırıb.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Əməkdar artist Vidadi Məmmədov qonaq kollektivə qastrol səfərinə görə təşəkkürünü bildirib.