İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun Mərakeşin paytaxtı Rabatda yerləşən qərargahında Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan mədəniyyət nazirinin müavini Xalq artisti, pianoçu Murad Hüseynovun solo konserti keçirilib.
Mərakeşdəki səfirliyimiz və ICESCO-nun birgə təşkilatçılığı ilə gerçəkləşən konserti Mərakeşdə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova, ICESCO-nun baş direktoru Salim əl-Malik, bu ölkənin dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri və digər qonaqlar izləyiblər.
Konsertdən öncə çıxış edən Azərbaycanın Mərakeşdəki səfiri, eyni zamanda ICESCO-dakı daimi nümayəndəsi Nazim Səmədov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirib və konsertin də bu çərçivədə təşkil olunduğunu diqqətə çatdırıb.
Azərbaycan xalqının yeni əsrə, yeni minilliyə Heydər Əliyev müdrikliyinin parlaq ziyası ilə qədəm qoyduğunu qeyd edən səfir ölkəmizlə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıqdan danışıb. Bildirilib ki, bu münasibətlərin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm rolu var. Diplomat Azərbaycan-ICESCO əlaqələrinə töhfəsinə, eləcə də konsertə dəstəyinə görə təşkilatın baş direktoruna təşəkkürünü bildirib.
N.Səmədov çıxışında Azərbaycanının Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu xatırladıb, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində də ölkəmizin ICESCO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
ICESCO-nun baş direktoru Salim əl-Malik çıxışında musiqi gecəsini Azərbaycan səfirliyi ilə birgə təşkil etdiklərinə görə məmnunluğunu bildirib, konsertin təşkilat tərəfindən üzv ölkələrin mədəniyyətinin təbliğinə verdiyi önəmin göstəricisi olduğunu deyib.
Sonra konsert proqramı təqdim edilib. Xalq artisti Murad Hüseynovun ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri səsləndirilib. Tanınmış pianoçunun çıxışı alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində ICESCO-nun qərargahında ölkəmizin gəzməli-görməli yerlərini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.