Tanınmış dilçi alim, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu dekabrın 16-da, 77 yaşında vəfat edib.

Kamil Vəli Nərimanoğlu (Vəliyev) 18 avqust 1946-cu ildə Cəbrayıl rayonunda anadan olub. 1970-ci ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib və həmin ildən Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi çalışıb. 1974-cü ildə "Azərbaycan dilində ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1989-cu ildə professor elmi dərəcəsi alıb.

BDU-nun Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib. Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini, “Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olub. 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləyib.

90-cı illərdən Türkiyədə, Şimali Kiprdə universitetlərdə çalışıb. Türk Dil Qurumunun fəxri üzvü olub. Türkiyə Cümhuriyyətinin "Ləyaqət Nişanı" (elm və sənət sahəsində mühüm xidmətlərə görə verilən orden) ilə (1998) təltif edilib.

Elmi araşdırmaları ilə yanaşı "Elin yaddaşı, dilin yaddaşı", "Bizim sözlər, gözəl sözlər",  “Mənim Füzulim” kimi elmi-populyar kitabların da müəllifidir.

Allah rəhmət eləsin.