Dekabrın 15-də Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının açılışı keçirildi. Bir həftə paytaxt Bakı ilə yanaşı Akademik Gəncə, Naxçıvan və Sumqayıtı əhatə edəcək klassik musiqi bayramının ilk konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında gerçəkləşdi.

Afişa və dəvətnamələr musiqisevərləri “Barokko axşamı” vokal-muğam xoreoqrafiya konsertinə dəvət edirdi. Artıq bu ad proqramın yetərincə maraqlı, qeyri-adi olacağına işarə idi. Yeri gəlmişkən, “barokko” portuqal sözü olub qəribə, bənzərsiz formalı mirvari deməkdir. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri gənc dirijor Meri Çeminavanın (Rusiya-Gürcüstan) idarəsi altında çıxış edəcəkdi.

Konsertdən əvvəl festivalın ideya müəllifi və bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov səhnəyə çıxdı. O, dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazovun Opera və Balet Teatrına direktor təyin edildikdən sonra bütün vokalçılarda ruh yüksəkliyinin müşahidə olunduğunu söylədi. Layihəni dəstəklədiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Ramil Qasımov hər kəsi festival günlərində klassik musiqidən zövq almağa dəvət etdi.

“Barokko axşamı” konsertinin proqramında bir məqam diqqətimizi çəkdi: Əməkdar incəsənət xadimi Hafiz Quliyevin adı konsertin rejissoru olaraq qeyd edilmişdi. Adətən konsertlərdə rejissorun ismi proqramda göstərilmir: ya onun əməyi hiss olunmadığından, ya da ümumiyyətlə, rejissor həmin tədbirə zaman və əmək sərf etmədiyindən. 

Budəfəki konsert isə... Gerçəkdən heç vaxt tamaşasında çıxış etməmiş, yəni obraz üzərində işləməmiş vokalçıların seçilmiş partiyaları xüsusi şövqlə ifa etməsi, üstəlik, ifa olunan əsərlərin erkən barokkodan yetkin barokkoyadək tarixi ardıcıllıqla düzülməsi, ən başlıcası, Klaudio Monteverdinin “Orfey və Evridika” operasından “Tokkata” səslənirkən VI Beynəlxalq Muğam Festivalının qalibi Mirəli Sarızadənin zəngulələri, “Bayatı-Şiraz” avazları dinləyicinin altşüurunda bir fikri formalaşdırırdı: bütün musiqilərin ilk notları insanın ruhundan qida alır. Bu yerdə nə milli mənsubiyyət, nə məkan, nə də zaman amili vacibdir. Mühüm olan həmin ruhi qidanın “həzm olunmasıdır”.

Xoreoqraf, Əməkdar artist Yuri Lobaçovun quruluş verdiyi rəqs nömrələri isə salona toplaşanları barokko musiqisinin dinləyicisi olmaqla yanaşı, həm də tamaşaçısına çevirdi. Əməkdar artist Anar Mikayılov və balet artistləri Nigar Əliyeva, Liya Praqa və Seymur Qədiyevin incə rəqsləri sanki bizi XVII – XVIII əsrlərə qaytardı. Postrenessans dövrü flamand rəssamlarının incə ruhlu, detallarla zəngin tablolarını, portretlərini gözlərimizin önündə canlandırdı. Nə hikmətdirsə, bu sətirlərin müəllifi rəssam Yohannis Vermeerin “Mirvari sırğalı qız” portretini və bu əsərin əsas qəhrəmanlarına həsr olunmuş eyniadlı filmi (Treysi Şövalyenin eyniadlı romanının ekran fərziyyəsi – rejissor Piter Uebber) xatırladı.

Vokal partiyalarına gəlincə, proqramda Yohann Sebastian Bax, Georq Frederik Hendel kimi Azərbaycan dinləyicisinə daha yaxşı tanış olan bəstəkarlarla yanaşı, Françesko Durante, Ciovanni Battista Perqolezi, Jan Batist Lüli kimi barokko musiqisi janrında mükəmməl əsərlər yazmış müəlliflərin əsərlərinin yer alması bir neçə məqamdan əlamətdar idi. Belə ki, teatrın repertuarında kifayət qədər məşğul olan Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Əliəhməd İbrahimov və Fərid Əliyev, gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı  Nəriman Əliyev öz üzərilərində işləyir, şəxsi repertuarlarının zənginliyinə çalışırlar. Deməli, bizim teatrda da barokko operalarını səhnəyə gətirmək olar. Əməkdar artist, Moskvanın “Gelikon-opera” teatrının solisti Elnarə Məmmədovanın çıxışı da maraqlı idi. Çalışdığı teatrda həm də barokko operalarında çıxış edən Elnarə xanım Bax və Perqolezinin kantatalarının soprano partiyalarını ifa etdi.

Birnəfəsə dinlənilən “Barokko axşamı” cəmi 150 il (1600 – 1750) mövcud olmuş musiqi janrının XXI əsrdə də könülləri fəth edə bildiyini bir daha nümayiş etdirdi. Və Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının sonrakı tamaşa və konsertlərinin səviyyəsini müəyyən etdi.

Festival davam edir və “Mədəniyyət” qəzeti bu sənət bayramının informasiya dəstəkçisidir. Öz təəssüratlarımızı sizlərlə bölüşməyə davam edəcəyik.

Gülcahan Mirməmməd