III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin “Mezzo Piano” adlı konsert təşkil olunub. Məktəbin şagirdlərinin ifasında klassik ariyalar səsləndirilib.
Tamaşaçılar qarşısında gənc istedadlar Fərid Ziyalı, Mehriban Qasımova, Aydın Əliyev, Rasimə Cəfərova, Məryəm Bağırova, Ülkər Əliyeva, Orxan Cabbarov, Rauf Məmmədzadə, Anar Həmidli, Araz Əsədli çıxış ediblər. Konsertmeysterlər Günel Rəhimova, Könül Abdullayeva, Səmra Həsənli olub.
Azərbaycan Dövlət Opera və Balet Teatrı administrasiyasının təmsilçiləri, beynəlxalq festivalın nümayəndələri tədbirin qonaqları arasında olub. Konsert iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edilib.
Azərbaycanın Xalq artisti, opera ifaçısı Fidan Hacıyeva festivalın ölkə və gənc vokalçılar üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb.
“Tədbir çox yaxşı keçdi. Uşaqlar üçün belə konsertlərdə iştirak etmək həmişə faydalıdır, çünki onlar səhnəyə çıxır, öz səslərini nümayiş etdirə bilirlər. Opera və Balet Teatrının təmsilçiləri gənc vokalçıların ifasını dinləmək imkanı qazandılar. Bu istedadlar ehtimal ki, gələcəkdə opera teatrında işləyə bilərlər”, - deyə Fidan Hacıyeva vurğulayıb.
Xalq artisti hesab edir ki, ölkədə bu cür festivalların keçirilməsi mühümdür və o, bu təşəbbüsü dəstəkləyir. Fidan Hacıyeva tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyinə, Opera və Balet Teatrının müdiriyyətinə və Xalq artisti, tanınmış tenor Yusif Eyvazova layihənin təşkilinə görə şəxsən minnətdarlığını bildirib.
“Festivallar vokalçılara özlərini, öz istedadlarını nümayiş etdirmək fürsəti verir. Bundan başqa, belə tədbirlər sayəsində artistin repertuarı genişlənir, bu isə çox vacibdir”, - deyə Fidan Hacıyeva qeyd edib.
Dekabrın 22-dək davam edəcək III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Opera və Balet Teatrının dəstəyi ilə keçirilir.