Xəbər verdiyimiz kimi, Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının (15–22 dekabr) tədbirləri paytaxtdan kənarda da keçirilir. Festivalın üçüncü günü Gəncədə keçirilən konsertlə yadda qalıb.
Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının kamera orkestri doğma səhnədə çıxış edib. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.
Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət xadimi Mehparə Cəfərova, gənc ifaçılar Rüstəm Cəfərov və Vasif Bayramov, eləcə də Bakıdan gələn ifaçılar – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yəhyayev, Mahir Tağızadə və Günel Hacıyevanın çıxışları hərarətlə qarşılanıb.
Müslüm Maqomayevin möhtəşəm “Azərbaycan” mahnısının səslənməsi zalda xüsusi coşqu yaradıb. Mahnı tamaşaçıların xahişi ilə konsertin sonunda təkrar ifa olunub.