UNESCO-nun Parisdəki mənzil-qərargahında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala-konsert olub. Konsert Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə keçirilib.
Tədbirdə UNESCO-ya üzv dövlətlərin daimi nümayəndələri, yerli ictimaiyyət və türkdilli ölkələrin diaspor nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev TÜRKSOY-un tarixindən danışıb və təşkilatın bu illərdə ortaq mədəni dəyərlərimizi təbliğ etdiyini bildirib. Səfir TÜRKSOY tərəfindən Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini və bu çərçivədə silsilə tədbirlərin keçirildiyini də diqqətə çatdırıb.
UNESCO baş direktorunun Afrika Prioriteti və Xarici Əlaqələr üzrə müavini Antoni Ohemenq-Boamah mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun təşviqində TÜRKSOY-la əməkdaşlığının əhəmiyyətini qeyd edib. O, TÜRKSOY-un türk xalqlarının mədəni irsinin qorunub saxlanılması və təbliği sahəsində gördüyü işlərin UNESCO tərəfindən yüksək qiymətləndirildiyini deyib.
TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf təşkilatın baş katibi Sultan Raevin adından tədbir iştirakçılarını salamlayıb. Baş katibin videomesajı təqdim edilib.
Qala-konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin milli musiqi və rəqsləri nümayiş etdirilib. Zəngin mədəni proqramda Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərindən Gülzar Fərəcova, Rəşad İbrahimov və Təbriz Yusubovun iştirakı ilə “Sarı gəlin” xalq mahnısı səslənib. Ruslan Zərbəliyev (tar), Aysu Sadıqova (qanun) və Pərviz Fərhadov (kamança) “Çahargah rapsodiyası”nı (bəstəkar Həsən Rzayev) ifa ediblər.