Azərbaycan

 

23 dekabr 1911 – Şərqşünas, tərcüməçi, professor, Əməkdar elm xadimi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911 – 9.4.1994) anadan olub. Nizaminin, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib.

23 dekabr 1913 – Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 – 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan Teatrı, Akademik Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb.

23 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 30.3.1993) anadan olub.

23 dekabr 1927 – Əməkdar mədəniyyət işçisi Nəcəf Abbas oğlu Həsənzadə (1927-2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında aktyor və rejissor assistenti kimi fəaliyyət göstərib, filmlərə çəkilib.

23 dekabr 1945 – Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (1945 – 20.8.2010) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub.

23 dekabr 1945 –  Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Rəşid oğlu Babayev (1945 – 10.11.2023) Gəncədə doğulub. Televiziya tamaşalarına, filmlərə (“Babamızın babasının babası”, “Qara gölün cəngavərləri” və s.) musiqi yazıb.

23 dekabr 1946 – Xalq artisti, balerina, Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva (1946 – 23.12.2019) Bakıda doğulub. 1964-1977-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub, teatrda baletmeyster kimi fəaliyyət göstərib.

23 dekabr 1986 – Əməkdar artist Qurban Baxşəli oğlu Mirzəyev (1920–1986) vəfat edib. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

23 dekabr 2011 – Prezident İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

23 dekabr 2022 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Oruc İzzət oğlu Qurbanov (24.7.1949 – 2022) vəfat edib. Müxtəlif teatrlarda çalışıb, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub.

 

24 dekabr 1872 – Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872 – 10.10. 1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində doğulub. “Şərqi-rus” qəzetinin, “Molla Nəsrəddin” jurnalının yaradıcılarındandır. Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb, repressiya qurbanı olub.

24 dekabr 1926 – Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926 – 25.5.1998) Bakıda anadan olub.

24 dekabr 1939 – Şair, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (1939 – 23.9.2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Kitabları: “Durnalar lələk salır”, “Ömrün yarı yaşında”, “Saxla izimi, dünya” və s.

24 dekabr 1954 – Xalq artisti Natalya Valeh qızı Tağıyeva (1954 – 16.1.2005) anadan olub. Dövlət Rus Dram Teatrının aktrisası olub, filmlərdə (“Dədə Qorqud”, “Onun bəlalı sevgisi” və s.) çəkilib.  

 

25 dekabr 1896 – Əməkdar incəsənət xadimi, kino istehsalı təşkilatçısı Teymur Əli oğlu Hüseynov (1896–1973) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında 30-dan çox bədii və sənədli filmin direktoru olub.

25 dekabr 1906 – Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906 – 7.11.1990) Bakıda anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.

25 dekabr 1906 – Filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı (1906–1960) Naxçıvanda doğulub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.

25 dekabr 1908 – Xalq artisti, teatr rejissoru, aktyor İbrahim (Miribrahim) Tağı oğlu Həmzəyev (1908 – 4.2.1982) Gəncə şəhərində doğulub. 1937-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın direktoru, baş rejissoru olub.

25 dekabr 1909 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (1909 – 8.9.1982) Şamaxıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi” filmində M.Ş.Vazeh rolunda çəkilib.

25 dekabr 1910 – Tarixçi, Azərbaycan EA-nın müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov (1910–1972) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.

25 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 31.3.1993) Tovuz rayonunda anadan olub. Gəncə Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb.

25 dekabr 1930 – Yazıçı-publisist, filologiya elmləri doktoru Teymur Əkbər oğlu Əhmədov (1930 – 16.3.2021) Şəmkirdə anadan olub.

25 dekabr 1931 – Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi  Abuzər Alı oğlu Xələfov (1931 – 27.4.2020) Göyçə mahalının (Ermənistan SSR) Cil kəndində doğulub. 50 ildən çox BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri işləyib.

25 dekabr 1934 – Ədəbiyyatşünas alim, şair-publisist, professor Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 – 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.

25 dekabr 1935 – Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov; 1935 – 17.8.1998) anadan olub. “220 saylı otaq”, “Qalaktika” hekayələr toplusu, “Qətl günü” romanının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.

25 dekabr 1941 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941 – 16.11.1995) Şəmkirin Morul kəndində doğulub. Gəncə və Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

25 dekabr 1954 – Əməkdar incəsənət xadimi, şair Ağalar Həmzə oğlu Mirzə (1954 – 5.3.2008) Şabran rayonunda doğulub. Azərbaycan Televiziyasında şifahi xalq yaradıcılığına aid verilişlərin müəllifi olub.

25 dekabr 2016 – Xalq artisti, tanınmış xanəndə Ağaxan Minaxan oğlu Abdullayev (6.2.1950 – 2016) vəfat edib.

 

26 dekabr 1910 – Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910–1979) Şamaxıda anadan olub. “Şəfəq”, “Buludlar dağılır” və s. romanların müəllifidir. Rusca ədəbiyyatdan tərcümələr edib.

26 dekabr 1919 – Xalq artisti, rəqqasə Əminə Paşa qızı Dilbazi (1919 – 30.4.2010) Qazaxda anadan olub. “Çinar”, “Sevinc” qızlar ansambllarını yaradıb. 1949-cu ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filmində çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.

26 dekabr 1950 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (1950 – 10.10.2015) Şəkidə anadan olub. Musiqili Komediya Teatrında çalışıb, “Bəxt üzüyü”, “Bağ mövsümü”, “Həm ziyarət, həm ticarət”  və s. filmlərdə çəkilib.

 

Dünya

 

23 dekabr 1858 – Görkəmli rus rejissoru, dramaturq, Moskva Bədaye Teatrının qurucularından Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub.

23 dekabr 1931 – SSRİ Xalq artisti Lev Konstantinoviç Durov (1931 – 20.8.2015) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” (San Sanıç) filmində çəkilib.

 

24 dekabr 1798 – Polyak şairi Adam Miskeviç (Adam Bernard Mickiewicz; 1798 – 26.11.1855) anadan olub.

24 dekabr 1867 – Türk şairi Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867-1915) İstanbulda doğulub.

24 dekabr 1906 – İngilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase – Rene Brabazon Raymond; 1906-1985) anadan olub.

 

25 dekabr 1813 – Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber; 1813-1894) anadan olub.

25 dekabr 1977 – Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin; 16.4.1889  – 1977) vəfat edib.

 

26 dekabr 1891 – Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub.

Hazırladı: V.Orxan