“Molla Nəsrəddin” dərgisi sənətdə ilk məktəbi olmuşdu...

 

Təsviri sənət tariximizdə parlaq iz qoyan sənətkarlardan biri də Xalq rəssamı Qəzənfər Xalıqovdur. O, rəngkarlıq və qrafika, teatr dekorasiyası və kino rəssamlığı, eləcə də monumental boyakarlıq sahəsində dəyərli sənət nümunələri yaradıb. Şair və yazıçıların əsərlərinə illüstrasiyalar çəkib. Bütün bunlarla bərabər o, ilk dəfə dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin portretini yaradıb. Onun yaradıcılıq təxəyyülünün məhsulu olan bu əsərdən sonra dahi şairin onlarla portreti yaradılıb və heykəli qoyulub. Görkəmli fırça ustasını anadan olmasının 125 illiyi münasibətilə yada saldıq.

Qəzənfər Ələkbər oğlu Xalıqov 16 dekabr 1898-ci ildə Bakının Qobu kəndində dünyaya göz açıb. Erkən çağlardan təsviri sənətə maraq göstərir. Atası onun təlim-tərbiyəsinə diqqətlə yanaşır, şəhərdəki “Səadət” məktəbinə qoyur. Qəzənfər təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur. Burada M.Gerasimovdan sənətin sirlərini öyrənir. 1928-ci ildə məzun olduqdan sonra müstəqil rəssamlıq fəaliyyəti göstərir.

Cəlil Məmmədquluzadənin dəvəti ilə “Molla Nəsrəddin” jurnalında karikaturalar dərc etdirir. Rəssam C.Məmmədquluzadə ilə tanışlığı, jurnalla əməkdaşlığı barədə xatirələrində yazır: “Atam “Molla Nəsrəddin” jurnalına abunəçi idi. Onun hər nömrəsi mənim üçün toy-bayrama çevrilirdi. Birinci növbədə jurnalın böyük satirik qüvvəyə malik olan canlı və cəlbedici şəkillərinə baxmaqdan doymazdım. 1924-25-ci illərdə “Gənc işçi” qəzetində rəssam işləyirdim. Bir gün işə gələndə mənə dedilər ki, səni “Molla Nəsrəddin” jurnalına çağırırlar. Getdim, çox sıxıldığımı görən Mirzə Cəlil dedi ki, cavan rəssamsan, gəl bizim jurnalda da qələmini işlət. Dedim ki, sizin jurnalda işləmək üçün kifayət qədər təcrübəm yoxdur. Bunun cavabında Mirzə Cəlil mənə dedi: “Hamı əvvəl təcrübəsiz olur. Heç kəs birdən-birə böyük rəssam olmayıb. Görürsən, bu saat bizim rəssamlarımız azdır. Gərək cavanlardan təzə-təzə rəssamlar yetişsin”. Mirzə Cəlil məni işə həvəsləndirdi. Çox keçmədi jurnalın əsas rəssamlarından biri oldum. Mövzunu özü verirdi. Bir gün qabaq hadisəni nağıl edir, ya da materialı verirdi. Deyirdi oxu, bunun əsasında karikatura çək. Şəkil hazır olanda Mirzə onu diqqətlə nəzərdən keçirərdi. Bəzən də göstərişlər verər və yenidən işlədərdi...”.

“Molla Nəsrəddin” dərgisi Qəzənfər Xalıqov üçün böyük bir məktəb olur, onda satiraya xüsusi meyil oyadır.

Rəssam gənc yaşlarından rəngkarlıq sahəsində uğurlu addımlar atır. “Qadınlar şöbəsi”, “Firdovsinin dəfni”, “Çoban Cümşüdün portreti”, “Həyat yoldaşının portreti” və başqa əsərlər maraqla qarşılanır. Araşdırmalarda qeyd edilir ki, 1939-cu ildə dahi Azərbaycan şair və mütəfəkkiri N.Gəncəvinin bədii obrazının yaradılması ilə bağlı müsabiqə elan olunur. Müsabiqədə Q.Xalıqovla bərabər Xalq rəssamları Kamil Xanlarov, Tağı Tağıyev, Əməkdar incəsənət xadimləri Reyhan Topçubaşova, Mürsəl Nəcəfov və başqaları da iştirak edirlər. Müsabiqəyə Rusiya və Gürcüstandan da 30-dək portret təqdim olunur. Ancaq Q.Xalıqov müsabiqənin birinci mərhələsində iştirak etmir. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində hazırladığı portret müsabiqəyə təqdim edilir və birinciliyə layiq görülür.

Məşhur şərqşünas və Nizami irsinin araşdırıcısı akademik Yevgeni Bertels portret haqqında deyib: “Portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi”. Qeyd olunur ki, şərqşünas Y.Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı öz elmi məsləhətləri ilə bu portretin ərsəyə gəlməsində rəssama yaxından kömək ediblər. Təsadüfi deyil ki, artıq 80 ildir Azərbaycan xalqı ilə yanaşı, beynəlxalq ictimaiyyət də böyük Nizamini məhz Q.Xalıqovun yaratdığı obrazla yaddaşına həkk edir.

Rəssam qrafika sahəsində də uğurlu əsərlərə imza atıb. Müstəqil qrafika işləri və kitab qrafikası sahəsində yaratdığı sənət nümunələri tamaşaçı marağına səbəb olub. Görkəmli sənətkarın “Koroğlu”, “Koroğlu at belində”, “Xaqani Şirvani”, “Xaqani zindanda”, “Məhəmməd Füzuli” adlı qrafik portretləri tamaşaçıya estetik zövq bəxş edir. Q.Xalıqov şair və yazıçılarımızın əsərlərinin süjetləri əsasında illüstrasiyalar çəkib. Eyni zamanda kitabların bədii tərtibatını hazırlayıb. M.Seyidzadənin “Nərgiz” poemasına, N.Gəncəvinin “Xosrov və Şirin”, “İsgəndərnamə” poemalarına çəkdiyi illüstrasiyaları, eləcə də Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Ə.Vahidin “Qəzəllər”, S.Rəhimovun “Aynalı”, A.Şaiqin “Qoçpolad”, S.Vurğunun “İstiqbal təranəsi” kitablarına verdiyi bədii tərtibat diqqəti cəlb edib.

Teatr dekorasiyası və kino rəssamlığı sahəsində fəaliyyət göstərən Q.Xalıqov Ü.Hacıbəylinin “Koroğlu”, R.Qlierin “Şahsənəm” operalarına bədii tərtibat verib, həmçinin “Sehrli xalat” və “İstintaq davam edir” filmlərinin geyim eskizlərini yüksək zövqlə hazırlayıb. O, plakat sahəsində də özünü sınayıb. “Molla Pənah Vaqif” plakatı bu mənada diqqətəlayiq nümunələrdəndir.

Bir müddət “Kirpi” jurnalında da fəaliyyət göstərmiş sənətkarın “Firdovsinin dəfni” və “Nizaminin portreti” əsərləri bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasını bəzəyir.

Yaradıcılığı yüksək qiymətləndirilən rəssam 1940-cı ildə “Əməkdar incəsənət xadimi”, 1973-cü ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb, bir sıra ordenlərlə təltif edilib.

Təsviri sənət salnaməmizi diqqətəlayiq əsərlərlə zənginləşdirən Qəzənfər Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub. 

Savalan Fərəcov